Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi, baş leytenant Elgün Fuad oğlu Xıdırovun doğum günüdür. O, 1989-cu il dekabrın 23-də Goranboy rayonunun Xoylu kəndində anadan olub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
Azərbaycan Ordusunun baş leytenantı olan Elgün Xıdırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şücaətlər göstərib.
Elgün Xıdırov noyabrın 1-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz Goranboy rayonunun Xoylu kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra baş leytenant Xıdırov Elgün Fuad oğlu 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib. Şəhidimiz həmçinin, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə də təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD