03.04.2026, 12:50
AZ EN
02.04.2026, 19:24 224

33 illik fərqlə 2 aprel. İşğal günündən Böyük Qayıdışadək

XƏBƏRLƏR
  • İşğaldan azad olunan və yenidən qurulan Kəlbəcər şəhərinə aprelin 2-də “Böyük Qayıdış” Proqramı çərçivəsində sayca 6-cı köç reallaşıb. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 113 nəfər köçürülüb. 

Təqvim 2 aprel tarixini göstərir... Bu tarix sıradan bir gün deyil, 30 ildən çoxdur sönməyən ağrının, buz bağlamış bir həsrətin və nəhayət, böyük Zəfərin doğurduğu sonsuz fərəhin kəsişmə nöqtəsidir. 1993-cü il aprelin 2-də Kəlbəcər sakinlərinin yaddaşına bir tərəfdə amansız düşmən gülləsi, digər tərəfdə isə sümük donduran dağ şaxtasının sızıltısı həkk olunmuşdu. Ermənistan silahlı birləşmələrinin mühasirəyə aldığı rayon sakinləri üçün tək ümid yeri sıldırım qayalar və keçilməz Murov aşırımı idi. O gün dağlar təkcə kəlbəcərlilərə sığınacaq deyil, həm də amansız bir sınaq meydanı olmuşdu...

Lakin bu gün mənzərə tamamilə fərqlidir. Otuz üç il əvvəl həmin cığırlardan keçməklə ayaqyalın, pərişan halda didərgin düşən kəlbəcərlilər indi avtomobil karvanı ilə, başı dik və qürurla doğma yurda qayıdırlar. Bu, sadəcə bir köç deyil, bu, tarixi ədalətin bərpası, rəmzi bir qisas və sarsılmaz Azərbaycan ruhunun Kəlbəcər zirvələrində yenidən ucalmasıdır.

Uzun illərin həsrətinə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun rəşadəti ilə son qoyuldu. 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli bəyanatla Ermənistan kapitulyasiya aktına qol çəkərək Kəlbəcəri bir güllə belə atılmadan boşaltmağa məcbur edildi. Prezident İlham Əliyevin Kəlbəcəri "Azərbaycanın ən gözəl guşələrindən biri" adlandırması və bölgəyə ardıcıl səfərləri, rayonun strateji əhəmiyyətini yenidən gündəmə gətirdi. Bu gün Kəlbəcər iqtisadi dirçəliş mərkəzidir. Dövlət başçısının tapşırığı ilə Kəlbəcərdə aparılan bərpa-quruculuq işləri dünyanın ən müasir şəhərsalma standartlarına əsaslanır. Murovdağ tuneli vasitəsilə keçilməz yollar artıq tarixə qovuşur. Rayonda "İstisu" sanatoriyası yenidən bərpa edilir, kiçik su elektrik stansiyaları ilə "Yaşıl enerji" zonası yaradılır. Şəhərin mərkəzində müasir məktəb binası və xəstəxananın inşası sürətlə tamamlanmaq üzrədir.

İndi isə qayıdaq ötən günə... Aprelin 1-i, axşam saatlarıdır. Növbəti köç karvanı səhər tezdən Kəlbəcərə yola çıxacaq. Köç karvanında yer alacaq ailələrdən biri də Gəncə şəhərində məskunlaşan Məhəmmədovlardır. Onlar üçün bu gün sadəcə təqvim günü deyil, həm də tarixi ədalətin bərpa olunduğu andır. Məhəmmədovlar ailəsi 1993-cü il aprelin 2-də çıxdıqları evlərinə, 2026-cı il aprelin 2-də - eyni tarixdə, lakin qalib xalqın nümayəndəsi kimi qayıdırlar. Ailə başçısı Nicat Məhəmmədovla Gəncədə məskunlaşdıqları evdə görüşürük. Ailə üzvləri doğma yurda köçməyə hazırlaşır, yır-yığış edirlər. Nicat bu tarixi anın sevincini bizimlə bölüşərək bildirir ki, doğma torpağa dönüş onların həyatında ən böyük arzularının gerçəkləşməsi deməkdir. O, uşaq ikən göz yaşları içində tərk etdiyi yurduna bu gün qürur və sevinc hissi ilə qayıtdığını deyir, bu Zəfərin memarı olan Ali Baş Komandana, canlarını fəda edən şəhidlərə və sağlamlıqları bahasına qələbə qazanan qazilərə minnətdarlığını ifadə edir.

Nicatın həyat yoldaşı Ramilə xanım da sevincini dilə gətirir. O, uzun illərdir Kəlbəcərə qovuşacaqları günün xəyalı ilə yaşadıqlarını və artıq o müqəddəs anın yetişdiyini vurğulayır. Vaxtilə Kəlbəcərdə bağça müəllimi işləmiş Ramilə xanım peşə fəaliyyətini yenidən doğma elində, müasir standartlarla qurulan təhsil ocaqlarında böyük həvəslə davam etdirməyə hazırdır: “Ən böyük xoşbəxtliyim odur ki, övladlarım artıq öz doğma yurdlarında, babalarının gəzdiyi torpaqlarda təhsil alacaq, boya-başa çatacaqlar”.

Bu ailənin hər bir üzvünün baxışlarında fərqli, bir o qədər də mürəkkəb duyğular oxunur. İndi onların qəlbində kədər və ayrılıq hissi yerini Zəfərin gətirdiyi qürur dolu bir sevincə verir. Bu, həm itirilmiş illərin sızıltısı, həm də yenidən başlanacaq həyatın həyəcanıdır - sanki keçmişlə gələcək eyni anın içində qovuşub. İndi Məhəmmədovlar ailəsini uca Kəlbəcər zirvələrindən, doğma ocağın qoxusundan cəmi bir neçə saatlıq gecə ayırır...

Aprelin 2-si, səhər saatlarıdır. Məlum olur ki, köç karvanı Tərtər rayonundan yola düşəcək. Tərtərdə toplaşma yerində qeyri-adi bir canlanma, həm həyəcan, həm də qürur dolu bir sükut var. Məhəmmədovlar ailəsi övladları ilə birgə artıq köç karvanına qoşulmaq üçün təyin olunmuş yerə gəliblər. Onların baxışlarında 33 illik həsrətin son akkordları, sönməyən ümidin işığı parlayır. İstiqamət isə illərdir xəyallarda gəzib-dolaşdıqları, hər daşına, hər qayasına bələd olduqları Kəlbəcərdir. Və nəhayət, o tarixi an gəlib çatır – köç karvanı yola çıxır. Bir neçə saatlıq həyəcanlı yolçuluqdan sonra karvan Kəlbəcərə çatır. Başı dumanlı Murov dağı 33 ilin həsrətinə son verən bu qayıdışı salamlayır. Təmiz dağ havasını ciyərlərinə çəkən Məhəmmədovlar doğma yurd yerlərinə ayaq basırlar.

"Biz Kəlbəcərdən çıxanda hər tərəf qan və göz yaşı idi. İndi isə övladlarımızın əlində bayraq, üzündə təbəssüm var. Bu gün bizim üçün sadəcə təqvim günü deyil, yenidən doğulmaq günüdür," – deyə Nicat bildirir.

Ailələri Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və əllərində Azərbaycan bayrağı tutmuş məktəblilər qarşılayırlar.

Onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilir. Tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunur.

Ən həyəcanlı məqam — mənzillərin açarlarının təqdim olunması mərasimi başlayır. İllərdir bu anın həsrətini çəkən ailələr açarları böyük sevinclə qəbul edərək, dövlətimiz tərəfindən onlar üçün inşa edilmiş müasir evlərinə daxil olurlar. Biz də bu tarixi anın şahidi olmaq üçün bu dəfə Kəlbəcərdə, Məhəmmədovlar ailəsinin yeni mənzilinin qapısını döyür, onların sonsuz sevincinə şərik oluruq.

 

Evin sahibi, 33 il əvvəl uşaq ikən tərk etdiyi yurduna indi bir ailə başçısı kimi dönən Nicat Məhəmmədov bu dəfə Kəlbəcərdə duyğularını belə ifadə edir: “Şükürlər olsun bu günə. Öz doğma torpağımıza gəldik. 33 il əvvəl aprelin 2-də Kəlbəcəri tərk edəndə mənim 7 yaşım var idi. O vaxt üzləşdiyimiz çətinliklər uşaq yaddaşımda həkk olunub. Evimizi, şəhərimizi tərk edərkən özümüzlə heç nə götürə bilməmişdik. Bu gün isə gördüyünüz kimi, doğma Kəlbəcərimizə sevinə-sevinə qayıdırıq. Özümüzlə əşyalarımızı da gətirmişik. Mənzilimizin açarlarını təhvil aldıqdan sonra gəldik baxdıq. Hər şey yüksək səviyyədədir. İndi də əşyalarımızı mənzilimizə yerləşdiririk. Bu günlərə görə Prezidentimizə minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

Ailənin xanımı Ramilə Məhəmmədova isə mənzildəki rahatlığı və yaradılan şəraiti yüksək qiymətləndirir: “Biz uzun illər torpaqlarımızın azad olunacağı günü xəyallarımızda yaşatdıq. Çox şükür ki, bu gün Kəlbəcərimizə qovuşduq. Geniş, dördotaqlı evlə təmin olunmuşuq, hər bir məqam düşünülüb”.

Ramilə xanım bir anlıq susur, pəncərədən Kəlbəcərin uca dağlarına baxaraq əlavə edir: “Hər il aprelin 2-sini Kəlbəcərin işğal günü kimi dərin hüznlə anırdıq. Lakin bu gün - yenə 2 aprel tarixində biz Kəlbəcərə qayıtmışıq. Bu tarix artıq bizim üçün kədər deyil, Qayıdış Günüdür. Prezidentimizə və rəşadətli Ordumuza sonsuz təşəkkür edirik”.

Beləliklə, daha bir köç karvanı mənzil başına çatır və Kəlbəcərin uca dağları öz doğma sakinlərini bağrına basır.

Məhəmmədovlar ailəsi ilə vidalaşırıq. Bu köç sıradan bir hadisə deyil, böyük bir rəmzi mahiyyət daşıyır. 33 il əvvəl aprelin 2-də bu torpaqlardan didərgin salınan sakinlərin məhz həmin tarixdə qalib tərəf kimi geri dönməsi düşmənin işğalçı siyasətinə verilən ən böyük mənəvi cavabdır. Bir vaxtlar kədərlə tərk edilən yollar indi zəfər sədaları ilə yenidən canlanır.

Kəlbəcərin uca dağlarında artıq düşmən güllələrinin vahiməli səsi deyil, quruculuq işlərinin sədası və doğma yurduna qayıdan insanların şən sədaları eşidilir. Elə Məhəmmədovlar ailəsində olduğu kimi... (AZƏRTAC)

Oxşar xəbərlər