Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan səfərdə soydaşlarımız ABŞ-də özlərinin tikib hazırladıqları 15 metr uzunluğunda üçrəngli Azərbaycan bayrağını Şuşa Yaradıcılıq Mərkəzinə hədiyyə veriblər. 2020-ci ildə Şuşanın işğaldan azad edilməsi münasibətilə paytaxt Vaşinqtonda keçirilən qələbə yürüşündə dalğalandırılan bu bayraq ABŞ-nin müxtəlif ştatlarında təşkil olunan digər tədbir və yürüşlərdə də istifadə olunub. Mərkəzdən verilən məlumata görə bayraq Şuşa şəhərində inşa olunacaq Zəfər muzeyi fəaliyyətə başladıqda ora təhvil veriləcək və muzeydə sərgilənəcək.
Şuşaya səfər zamanı soydaşlarımız aparılan yenidənqurma işləri ilə tanış olub, mədəniyyət paytaxtımızda “Güllələnmiş heykəllər”, Cıdır düzü, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi və digər tarixi məkanlara baş çəkiblər. Şamama Məmmədova illər əvvəl Şuşada olduğunu, Şuşanın işğaldan azad edilməsindən sonra ilk dəfə gəldiyini və qürur hissi keçirdiyini bildirib. Onlar bu zəfər sevincini yaşatdığına görə müzəffər Ali Baş Komandan İlham Əliyevə və şanlı ordumuza minnətdarlıq ifadə ediblər.
Qeyd edək ki, Şamama Məmmədova və Mənsurə Məmmədova Azərbaycan həqiqətlərinin təbliği istiqamətindəki fəallıqlarına görə komitə tərəfindən təşəkkürnamə ilə təltif olunublar.
Günel QULİYEVA