19.09.2024, 06:11
AZ EN
10.12.2023, 12:18 233

Bu gün Azərbaycan Ordusunun giziri Fariz Şıxəliyevin doğum günüdür

XƏBƏRLƏR
  • 44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Fariz Şıxaliyevdir.

Fariz Şahverdi oğlu Şıxaliyev 1987-ci il dekabrın 10-da Sovet Sosialist Respublikaları İttifaqının Xabarovski vilayətində anadan olub. 1994-2004-cü illərdə Şamaxı rayonu Qaravəlli kənd orta məktəbini bitirib. 2006-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2009-cu ildə Azərbaycan Tibb Universitetinin nəzdində hərbi tibb fakültəsinə qəbul olub. 2011-ci ildə həmin fakültənin “feldşer” ixtisasını bitirib, “gizir” hərbi rütbəsini alaraq Beyləqanda yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirib. 2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2016-cı il “Aprel döyüşləri”ndə Talış istiqamətində gedən döyüşlərdə iştirak edib. Nümunəvi xidmətlərinə görə “Yubiley” və II-III dərəcəli “Qüsursuz xidmətlərə görə” medalları ilə təltif olunub.

Azərbaycan Ordusunun giziri olan Fariz Şıxaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Fariz Şıxaliyev oktyabrın 27-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fariz Şıxaliyev ölümündən “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər