Şəhidimiz 1984-cü il sentyabrın 5-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. 1990-cı ildə Kərimbəyli kənd Əkrəm Səlimov adına tam orta məktəbin 1-ci sinifinə daxil olub və 2001-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2002-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılıb. 2004-ci ilin yanvar ayında xidmətini N-saylı hərbi hissədə başa vurub.
Cavid Qarayev 2006-cı ildə ailə qurub. Sənan və Pünhan adında iki övladı var. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akedemiyasına qiyabi qəbul olunub və 2011-ci ildə bitirib.
Cavid 2016-cı ildə könüllü olaraq müddətdən artıq hərbi qulluqçu kimi xidmətini N saylı hərbi hissədə davam etdirib. Xidmət etdiyi müddətdə bir neçə dəfə fəxri-fərmanla təltif edilib.
İkinci Qarabağ Müharibəsində Cavid döyüş əməliyyatlarında böyük şücaətlər göstərib. O, bir neçə işğal altında olan kəndlərimizin işğaldan azad olunması uğrunda döyüşlərdə xüsusilə fərqlənib.
Çavuş Cavid Qarayev 2020-ci il oktyabrın 26-da Füzuli uğrunda gedən döyüşlərdə ağır yaralanaraq qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz Cavid Qarayev dogma Füzulinin Kərimbəyli kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Cavid Qarayev ölümündən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD