25.04.2025, 13:38
AZ EN
13.03.2024, 15:29 422

Xankəndi: erməni separatizminin başladığı və bitdiyi yer

XƏBƏRLƏR
  • Xankəndidə qondarma parlament binasının sökülməsi yaxşı mənada səs-küy salıb. Bu həmin bina idi ki, Qarabağdan Azərbaycan izlərinin silinməsi qərarı elə burda verilirdi. Separatçılar özlərinə oyuncaq prezidenti də burda seçirdilər. Ən son ötən il sentyabrın 9-da toplaşmış və separatçı Arayik Arutunyana əvəzedici tapmışdılar. Samvel Şahmaryanı. Bu isə onların sonuncu tamaşası oldu. Cəmi on gün sonra Azərbaycan separatçılara tamaşa yox, real  film göstərdi. əvvəl özlərini, indi isə izlərini silirik. 100 ilə yaxın davam edən erməni separatizmi bir də  heç vaxt Azərbaycana ayaq açmasın deyə. Xankəndiyə eybəcər erməni tikililəri yox,  Qarabağ xanlarının adına layiq  saraylar yaraşır.

İncə və sıx toxunmuşdu Xankəndidə erməni separatizmi. Şəhər ermənilərin əsas yuvasına çevrilmişdi. Yüz il davam edən və daha dərinliyə işləyən erməni separatçılığının sonu da elə Xankəndi oldu.

Bu barədə “İctima TV”nin hazırladığı videoçarxda məlumat verilib.

Bildirilir ki, Xankəndi XVIII əsrdə Qarabağ xanlarının istirahəti üçün salınmışdı. Ermənilərin Qarabağa ayağı Gülüstan və Türkmənçay müqavilələrindən sonra dəydi. İrandan və Osmanlıdan Qafqaza, həm də rus hərbi bazalarında qulluq etmək üçün erməni ailələri köçürüldü. Ermənilər zamanla, səssiz-səmirsiz Xankəndindəki azərbayanlı izlərini sildilər. Şəhərin  girişindəki Xan bağından əsər-əlamət qalmayıb. Ətraf xarabalığı xatırladır. Vaxtilə Qarabağ xanı burada ucu-bucağı görünməyən  müxtəlif ağacların əkildiyi bağ salmışdı. Ondan geri qalan isə bu ürək dağlayan görüntülərdi. Şəhərdə Xanın saldığı Ağakörpüsünün də adı dəyişdirilib. Xan bulağı isə yox edilib.  200-dən çox yaşı olan bulaq qurudulub, yeri betonlanıb.

Xankəndinin keçmiş deputatı Flora Qasımova deyir ki, o sudan şəhərdə bir-iki yerdə çəkilib. O vaxtdan şəhərə suyu saxsı qabla çəkiblər, ona görə buz kimi idi. Stəkanı tuturdun altına, stəkan tərləyirdi, yəni o qədər soyuq olurdu...

Xankəndidə ermənilərin sayı getdikcə artırdı, təşkilatlanırdılar. Əvvəlcə muxtar vilayət tələb etdilər. 1923-cü ilin iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Mərkəzi Xankəndi oldu. Oktyabrın 6-da isə Xankəndi adını dəyişib Stepanakert etdilər. Xankəndində  azərbaycanlılara qarşı hücumlar başlayırdı. Ermənilər şəhərdə azərbaycanlıların yaşamasını istəmirdilər. Bununla bağlı planlarını ilk illərdə gizli-gizli həyata keçirirdilər. Lakin sonra açıq şəkildə hücuma keçməyə başladılar. 1967-ci ildə bu dayandığımız yerdə 3  azərbaycanlının olduğu avtomobilə benzin tökərək yandırdılar.

Flora xanım deyir ki, yadımdadır ki, o vaxt içindəki o bəraət verilən adam çığırırımış ki, mənim günahım yoxdur. Heç ona da qulaq asmayıblar, yandırıblar. O vaxt Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Heydər Əliyev idi. Bu məsələ yenidən qaldırıldı, yenidən araşdırıldı. Bəraət verildi ölən adamlara və əsl günahkar, cinayətkar tutuldu. O erməni imiş.

Artıq Heydər Əliyev hakimiyyətdə idi. Ermənilər ondan çəkinirdilər. Heydər Əliyevin hakimiyyəti dövründə ermənilərin səsi kəsilmişdi. Onun tapşırığı ilə Xankəndidə  Pedaqoji İnstitut yaradılır, Ağdam-Xankəndi dəmir yolunun açılışı olur. Şəhərdə sükut Heydər Əliyevin hakimiyyətdən getməsindən sonra pozulur və ermənilər yenidən baş qaldırırlar. Bu meydanda ermənilər ilk aksiyalarını keçirdiblər. 1988-ci ilin fevralın 13-dəki mitinqə ermənilər axışır və aksiyanı “Kruq” terror təşkilatı təşkil edir. Bu dəfə tələbləri daha yüksək olur. Qarabağın, Xankəninin Azərbayandan ayrılmasını istəyirlər.

Xankəndi sakini Rafael Qasımov deyir ki, o vaxt mən uşaq idim, 8-9 yaşım olardı. Babamla burdan keçirdik. Onlar burda toplaşmışdılar, yeni mitinq gedirdi. Mən babamdan soruşduim ki, (“Myatsum” sözünü mənasını başa düşmürdüm) bunlar niyə “Miatsum” deyə qışqırırlar. Babam mənə tam başa sala bilməsə də, ermənilər tərəfə baxıb nəsə acıqlı söz dedi. Onlar da baxdılar bizə. Heç nə eləmədilər, fikir vermədilər. Keçdilər. Sonradan mən başa düşdüm ki, “Miatsum” sözü birləşmək sözüdü, yəni Ermənistana birləşmək üçün mitinqlər təşkil edirdilər...

Şəhərdə yaşayan  azərbaycanlılara qarşı təzyiqlər də artır. Onlara çörək, ərzaq satılmır, evlərinə hücum edilir, yandırılır.  Azərbaycnlılar öz doğma şəhərlərindən qovulurlar. Niyyətlərinə çatırlar. Azərbaycanlıları Xankəndindən qovur, şəhərdəki tikililərin rəng və üslublarını erməniləşdirirlər.

Flora xanım deyir ki, onlar öz xalqına uyğun milli dəyərlərinə uyğun dəyişiklik edirlər ki, gələnlərə başa salsınlar ki, bura doğrudan da erməni şəhəri olub. Burdakı bəzi binaların, mərkəzdə olan parlament binasının, idarələrin rəngini Ermənistandakı binaların rəngəinə oxşatmaq istəyirlər. Məsələn, Pedaqoji Universitetin rəngi ağ idi, sonradan bu binaların üz qabığını qırmızı rənglə boyayıblar...

Bu, erməni separatizminin  Qarabağda yüz il ərzində etdikləri idi. “Özgə atına minən, tez düşər”,- deyiblər. Həqiqət isə dəyişmir. Bu gün Xankəndində Azərbaycan bayrağı dalğalanır.

Azərbaycan Rezpublikasının Prezidenti cənab İlham Əliyev: “Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim. Elə bir sarsılmaz hesab olunan daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar. Bunu bilməliyik. Əgər kimsə hesab edir ki,  bizdən əl çəkəcəklər,  səhv edir. Biz hazır olmalıyıq. Səfərbər olmalıyıq. Əlbəttə ki, cəmiyyət rahat yaşamalıdır.  Mən Azərbaycan üçün hər hansı bir təhlükə, təhdid görmürəm. Ancaq nə üçün görmürəm, çünki bilirlər ki, bizim cavabımız amansız olacaq. Sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək”.

Ermənilər Azərbaycan torpaqlarında qondarma respublika yaratmışdılar.  Heç bir ölkənin tanımadığı oyuncaq parlament və idarələr tikdilər şəhərdə. İndi isə şəhərin baş planını pozan tikililər və simvollar təmizlənir. Ermənilər 1994-cü ildə Xankəndi şəhəri 1 saylı məktəbi söküb yerində qondarma  respublikanın palamaneti üçün  bina inşa etmişdilər. İndi isə o qondarma parlament binası da yoxdur.Yanında Birinci Qarabağ müharibəsi zamanı  ermənilərin “qəhrəmanları” üçün tikdikləri veteranlar binası da boz dumana çevrilib.

Flora xanım deyir ki, bu ərazidə 1 saylı məktəbin binası var idi, bir az həyəti var idi, hasara alınmışdı. Ondan sonra dar küçə vardı. O küçənin sağ tərəfində isə azərbaycanlının evi var idi, arxasında bir neçə  ev  də vardı. Azərbaycanlının oğlunun adı yadımda qalıb. O, həm lal idi, həm kar. Amma sənəti vardı, ayaqqabı düzəldirdi. Öz həyətinin yanında köşkü var idi. Ondan sonra  sağ tərəfdə balaca bir həyətyanı sahə idi, şamlıq ərazi idi. Stadionun hər iki tərəfi şamlıq ərazi idi. Başqa ev olmayıb...

Binalardan qopan hər bir daş Qarabağa bərkidilən erməni separatçılığının sütunları idi. Möhkəm tikilmişdi, amma topdağıtmaz da deyildi. Bir zərbə ilə məhv edildi. Əslində məhv edilən binalar Qarabağda kök salan erməni separatçılığıdır. Onlardan qalan qanunsuz  tikililərin məhv edilməsi ilə Azərbaycan  torpaqlarında əbədi olaraq eməni separatçılığı da  məhv edilib. Bu, həm də Azərbaycanın qələbəsidir. Bir də bu torpaqlarda separatçılıq olmayacaq.

Hazırladı: Tahirə AĞAMİRZƏ 

Oxşar xəbərlər