Bu gün Vətən Müharibəsinin şəhidi, xüsusi təyinatlı əsgər Fərid Mehman oğlu Məmmədzadənin doğum günüdür. O, 2000-ci il avqustun 20-də Ağdaş rayonunda dünyaya gəlib. Ailənin ilk övladı olan Fərid orta təhsilini rayonun Teymur İsmayılov adına 8 saylı məktəbində başa vurub. O, Şuşa Musiqi Kollecində qarmon üzrə musiqi təhsili alıb. 2019-cu il iyul ayının 5-də hərbi xidmətə yollanmışdı.
Azərbaycan Ordusunun əsgəri olan Fərid Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə qatılıb.
O, Kəlbəcər, Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.
Xüsusi təyinatlı əsgər Fərid Məmmədzadə 2020-ci il oktyabrın 4-də Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz böyük izdiham və ehtiramla doğma Ağdaşda torpağa tapşırılıb.
Şəhid Fərid Mehman oğlu Məmmədzadə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad edilməsinə görə” medalları ilə təltif olunub.
Qeyd edək ki, şəhidimizin adına doğulub boya-başa çatdığı Ağdaş şəhərində Məşəd küçəsinin giriş hissəsində xatirə bulağı inşa edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Fərid balamız!
Mina RƏŞİD