Mən şəhid olmuşam
Leytenant Emin Rəşadət oğlu Sadıqov 1998-ci il iyulun 21-də Şahbuz rayonunda doğulub. Kiçik yaşlarından ata qayğısından mərhum olub və atasını vaxtsız itirməsi onu həyata qarşı daha mübariz edib. Anasına, Vətəninə bağlı bir övlad kimi böyüyüb.
Emin Sadıqov 2012-ci ildə yurd, Vətən sevgisi ilə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olur və sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə üz tutur. Ona həm ana, həm ata olan Gülşad xanım bircə övladını bu fikrindən döndərməyə çalışsa da Emin “mən səni hərbçi anası edəcəyəm” deyir və sevdiyi peşənin ardınca gedir. Hərbi təhsilini Heydər Əliyev adına Ali Hərbi Akademiyada müvəffəqiyyətlə tamamlayan igidimiz 2019-cu ildə N saylı hərbi hissədə Milli Ordunun zabiti kimi şərəfli xidmətə başlayır.
Anası Gülşad xanım deyir ki, orduda bir il iki ay idi xidmət edirdi, iki dəfə gəlmişdi məzuniyyətə. Birinci kursda oxuyanda, mən çox gözü sulu idim, bir dəfə ağlayanda Emin dedi ki, ana, sən bilirsən belə ağlayanda məni necə əzirsən o göz yaşlarınla. Axı, sən hərbçi anasısan... Həqiqətən də, onun sözlərindən sonra özümdə güc topladım...
Vətən müharibəsi başlayan zaman Eminin qarşısında iki seçim olur. Həyatda yeganə varlığı, hər kəsdən çox sevdiyi anası, bir də canından belə üstün tutduğu Vətən. Təbii ki, o Vətəni qorumağı özünə borc bilir. Tibb bacısı olan anasından halallıq aldıqdan sonra vəzifə borcunu yerinə yetirmək üçün könüllü olaraq cəbhəyə yollanır.
Gülşad xanım deyir ki, müharibə başlamamışdan dörd beş ay qabaq idi, Eminlə telefonda danışırdıq. Dedi ki, ana, səndən bir söz soruşacam. Dedim, oğlum, buyur.
-Dedi ki, ana, müharibə başlasa, əgər gəlib iş yerinin qabağında desələr ki, 20 nəfər tibb bacısı lazımdır. Çox yaralı var. Neyləyərsən?
Mən heç fikirləşmədim, dedim ki, birinci mən gedərəm. Elə gözəl gülüb dedi ki, mən sənin oğlunam, ana... Demək ki, mən orda balama cəsarət vermişəm. Bəlkə də, məndən söz alırmış könüllü yazılmaq üçün, - gözləri dola-dola deyir Gülşad xanım və əlavə edir ki, müharibə başlayanda iki dəfə könüllü yazılıb, deyiblər ki, tək uşaqsan. Amma üçüncü dəfə yazıb, komandirinə deyib ki, siz məni göndərmiyə bilməzsiniz, onsuz da gedəcəm.
Oktyabrın 6-da haqq savaşımızda döyüşlərə qatılan Emin yaralanmağına baxmayaraq rəşadətlə sona kimi mübarizə aparır. Öndə gedən beş nəfərdən biri olur. Mənfur düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir. Füzuli, Hadrut, Suqovuşan və bir neçə yaşayış məntəqələrinin azad edilməsində əsl şücayət göstərir. Oktyabrın 26-da Füzulinin Alxanlı kəndi istiqamətində şəhadətə yüksəlir. Şəhidlik məqamına yüksəlmək qürurunu anasının yuxusuna gələrək məhz özü deyir.
Gülşad xanım deyir ki, oğlum oktyabrın 26-sı düşmənin 3 gülləsi ilə şəhid olur, 27-si Bakıya gətirirlər. Mənə deyə bilmirlər. Amma hiss edirdim ki, Emin soyuq bir yerdədir. Kimdən soruşurdum deyirdilər ki, Emin yaralıdır, amma ağlayırdılar, qardaşım da mənə bir söz demirdi. Özüm də heç kimdən eşitmək istəmirdim desinlər ki, Emin şəhid olub. Gecə idi, hardasa 10-15 dəqiqə olardı ki, yuxulamışdım, Emin gəldi yuxuma. Yuxuda gördüm ki, ev telefonu çalır, dəstəyi götürən kimi dedi anacan, dedim can ana qurban sənə, qayıtdı ki, ana, telefonları niyə bağlamısan? Dedim, deyirlər Emin ölüb, sənə zəng vurmayacaq. Dedi ki, ana, mən ölməmişəm, mən şəhid olmuşam. Soruşdum ki, güllə harandan dəyib, əlini qoydu ürəyinin üstünə... Əmisi də görübmüş güllənin ürəyindən dəydiyini.
Qəhrəmanımız doğulduğu yurdda sevdiyi torpağa tapşırılıb.
Emin Sadıqov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, Üçüncü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Tahirə AĞAMİRZƏ