20.10.2024, 23:59
AZ EN
20.05.2024, 10:43 288

Bu gün Dünya Metrologiya Günüdür

XƏBƏRLƏR

Dünya Metrologiya günü 1875-ci ilin mayın 20-də Parisdə Beynəlxalq Diplomatik Konfransda inkişaf etmiş 17 ölkənin hökumət nümayəndələrinin məşhur Metrik Konvensiyasını imzalaması ilə əlamətdar olub. O zaman elmin inkişafı, yeni ölçü vahidlərinin yaranması, qloballaşan dünya ticarətində fərqli ölçü və əlaqələrin inkişafında ciddi əngəllər törətdiyindən vahid ölçülər sisteminə keçid zəruri idi. Bu konvensiyaya uyğun olaraq Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro yaradıldı. Metrik Konvensiya imzalandıqdan sonra isə ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilib və onun əsasında Beynəlxalq Ölçmələr Sistemi yaradılmışdır. Ölçmə vasitələrinin metroloji xarakteristikalarının normalaşdırılması, yoxlama aparatlarının, etalonların, nümunəvi və işçi ölçmə cihazlarının müqayisə olunması, yoxlama və attestasiya metodlarının harmonizasiyası, beynəlxalq miqyasda unifikasiya olunmuş ölçmə vasitələrinin istifadə olunması, metroloji xidmətlərin təşkilinin optimal formalarının və onların dövlət tərəfindən yerinə yetirilməsi, metroloji xidmətlərin yaradılmasında və işlərin təşkilində, onların zəruri texniki vasitələrlə təmin edilməsində inkişaf etməkdə olan ölkələrə elmi-texniki dəstəyin göstərilməsi, metrologiya sahələrində müxtəlif ixtisas səviyyəsində kadr hazırlığının vahid prinsiplərini müəyyən etmək üçün dünya ölkələri tərəfindən beynəlxalq təşkilat yaradılmalı idi. Bu məqsədlə 23 mart 1950-ci ildə Cenevrədə Ümumdünya Metrologiya Təşkilatı yaradılmışdır. Hazırda dünya ölkələrinin 189-u Ümumdünya Metrologiya Təşkilatında bu prinsiplər əsasında birləşmişdir.

Müasir dövrdə metrologiyanın - ölçmələr üzrə elmin insan fəaliyyətinin bütün sahələrində, dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında aparıcı rolu danılmaz faktdır. Dünya ölkələrində getdikcə qloballaşan enerji problemlərində bütün növ parametrlər üzrə ölçmə qabiliyyətlilik dərəcəsinin təkmilləşdirilməsi vacibdir. Müasir cəmiyyətin bütün həyat və fəaliyyət istiqamətləri - səhiyyə, ekologiya, müdafiə və təhlükəsizlik, yeni texnologiyaların inkişafı və tətbiqi, energetika, ticarət və sair bu kimi sahələr ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır. Məhsulların istehsalı və beynəlxalq səviyyədə ticarət predmetinə çevrilməsi, əhalinin sağlamlığı və təhlükəsizliyi üçün atılan addımlar, ətraf mühit problemləri - bütün bunlar müasir mərhələdə ölçmələrin vəhdətinin təmin edilməsi tələblərini beynəlxalq səviyyədə daha da gücləndirir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyev bu sahənin inkişafına xüsusi diqqətlə yanaşmışdır. Azərbaycanda keyfiyyət infrastrukturunun beynəlxalq tələblər səviyyəsində qurulması və inkişafı istiqamətində müvafiq tapşırıqlar vermişdir. Ölçmələr Sisteminin təkmilləşdirilməsi üçün 13 iyun 2000-ci ildə “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq olunmuşdur. Müəyyən edilmiş metroloji norma və qaydalara riayət edilməsi Azərbaycanın diqqətində olan ən vacib məsələlərdən birinə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 13 iyun 2013-cü ildə təsdiq edilmiş eyni adlı, müasir dövrün tələblərinə uyğun hazırlanmış yeni qanun bu sahənin prioritet istiqamətlərini müəyyənləşdirmiş və metrologiyanın inkişafına ciddi təkan vermişdir. Müəyyən edilmiş metroloji norma və qaydalara riayət edilməsi bugün əsas istiqamətlərdəndir. Hazırda Azərbaycan Respublikası Prezidentinin apardığı uğurlu iqtisadi siyasətin nəticəsində ölkəmizin ixrac qabiliyyəti yüksəlmiş, yerli məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması işləri sürətlənmişdir. Həyata keçirilən qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kurs müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edir. Sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyalar, yeni yanaşmalar və metrologiya sahəsinin inkişafı həlledici əhəmiyyətə malikdir. Bütün bunlar metroloji təminatın inkişafına bariz nümunədir. Görülən işlərin davamı olaraq metrologiya sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə 2017-ci ilin 10 fevral tarixində Prezident İlham Əliyev tərəfindən növbəti Fərman imzalanıb. Fərmana uyğun olaraq “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi təsis edilib. “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi ölçmələrin vəhdətinin təmin edilməsi üzrə fundamental, tətbiqi, elmi, eksperimental işlərin aparılmasını, bu sahədə elmi-texniki fəaliyyətin aparılması, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının layihəsində göstərilən ölçmələrə, standart nümunələrə və ölçmə vasitələrinə qoyulan tələblərin metroloji ekspertizasının aparılması işlərini həyata keçirir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər