"Vətən səsi" xəbər verir ki, bunu “İnterfaks”a açıqlamasında “АльфаСтрахование” şirkətin aviasiya və kosmik sığorta üzrə Baş direktorunun müavini İlya Kabaçnik deyib. O, bildirib ki, şirkət, həmçinin sərnişinlərə də dəyən zərərə görə ödənişləri həyata keçirməyə başlayıb: “AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan “Embraer 190” təyyarəsi, eləcə də aviaşirkətin sərnişinlər qarşısında məsuliyyəti “АльфаСтрахование” şirkətində sığortalanıb. Təyyarə üçün tam həcmdə sığorta məbləği üzrə ödəniş fevral ayında edilib”.
Bununla belə, İlya Kabaçnik avia-kasko üzrə ödənişlərin həcmini açıqlamayıb.
Xatırladaq ki, ötən il dekabrın 25-də "Embraer"-E190 təyyarəsi J28243 nömrəli reyslə Bakıdan Qroznıya uçarkən Çeçenistan üzərində hava nəqliyyatının idarəetməsində problemlər yaranıb. Təyyarə Qazaxıstanın Xəzər sahilində yerləşən Aktau şəhərinə uçub, orda yerə çırpılıb və parçalanaraq alovlanıb. Göyərtədə 67 nəfər olub, onlardan 38-i, o cümlədən təyyarənin hər iki pilotu həlak olub. Qəza ilə bağlı araşdırma aparan komissiya təyyarəyə Çeçenistan üzərindən uçarkən kənar müdaxilə ilə olunduğu təsdiqləyib.
Elxan SALAHOV