29.05.2025, 02:01
AZ EN
27.05.2025, 16:38 116

Şəhid oğlu: Ağır yaralanan atam anamgilin girov götürülməsinə imkan verməməyi tapşırdı

XƏBƏRLƏR
  • Birinci Qarabağ müharibəsinin itkin şəhidinin oğlu ağır yaralanan atasının ona ailə üzvlərinin girov götürülməsinə imkan verməməyi tapşırdığını bildirib.

Bunu mayın 27-də Mingəçevir Şəhidlər xiyabanında dəfn olunan Birinci Qarabağ müharibəsinin itkin şəhidi Əsəddin Novruzovun böyük oğlu Şamil Novruzov deyib.

Onun sözlərinə görə, atasının yenidən dəfn olunması ailə üzvləri üçün böyük təskinlikdir:

“Evimiz kəndin kənarında olduğu üçün müdafiə postu lap yaxınlığımızda qurulmuşdu. Buna görə də atam və qardaşlarımla hər axşam həmin postda olurduq. Martın 12-də ermənilər kəndə hücuma keçdilər. Atam tüfəngi götürüb evdən çıxanda mən də ona qoşuldum. Bu vaxt artıq kəndin yuxarı hissəsində atışma başladı.

Atam mövqe tutduğu yerdən bir neçə ermənini dəqiq atəşlə vurmuşdu. Ona görə digərləri yenidən gizlənməyə çalışırdılar. Birdən ətrafda güclü partlayış oldu. Toz-duman çəkiləndən sonra yerimi dəyişmək istəyəndə atamın vurulduğunu gördüm.

Yaralı vəziyyətdə mənə qışqırdı ki, yaxına gəlməyim. Ancaq ermənilərin atama tərəf irəlilədiklərini görüb onlara doğru bir qumbara atdım. Ani sakitlikdən istifadə edib atamı qucağımda evə gətirdim. Gözlərini açıb mənə dedi ki, ananı-uşaqları götür kənddən çıx, onların girov götürülməsinə imkan vermə.

Bu ilin martında Baş Güneypəyə kəndinə gedəndə atamın qalıqlarını 1992-ci ildə dəfn olunduğu yerdə aşkar edib bununla bağlı dövlət qurumlarına müraciət etdik. Atamın burada Şəhidlər xiyabanında dəfn olunması bizim üçün bir təskinlikdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR