Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidlərindən olan Bəhram Sakit oğlu İbrahimovun doğum günüdür. O, 5 may1999-cu ildə Yevlax rayonunun Ərəbbəsrə kəndində dünyaya gəlib. Şəhid İ.Məmmədov adına tam orta məktəbi bitirib. 2017-ci ildə hərbi xidmətə yollanıb. Onun atası Feyzullayev Sakit Feyzulla oğlu Birinci Qarabağ Müharibəsinin veteranıdır. Görünür atasının müharibə iştirakçısı olması, bir yandan da torpaqlarımızın illərlə işğalda qalması Bəhramın qəlbində hərbçi olmaq arzusuna təkan verib. O, həmişə doğmalarına deyirdi ki, torpaqlarımızı işğaldan azad edəcəyəm. Bəhram dəfələrlə müddətdən artıq hərbi qulluqçu olmaq arzusuyla müraciət etsə də bu ona nəsib olmamışdı. Ancaq Vətən müharibəsi başlayanda onu yolundan heç kəs saxlaya bilmədi.
Bəhram İbrahimov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatıldı. O, Goranboy və Tərtər istiqamətində vuruşdu. Axırıncı dəfə oktyabrın 4-də atası ilə danışdı. Bundan sonra Suqovuşan uğrunda qəhrəmancasına şəhadətə ucaldı. Şəhidimizin nəşi uzun müddət axtarıldıqdan sonra nəhayət, 2021-ci ilin yanvarın 12-də tapılaraq ailəsinə təhvil verilib.
Şəhidimiz doğma kəndlərində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Bəhram İbrahimov ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə ” medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD