15.05.2024, 04:06
AZ EN
29.04.2024, 11:00 235

Şücaəti dastana sığmayan oğul

XƏBƏRLƏR
  • Fərrux uşaqlıqdan hərbçi olmaq arzusuyla yaşayıb. Hələ kiçik yaşlarından plastilinlə təyyarə və tank düzəldirmiş. Onun atası da hərbçidir. Amma ailədə Fərruxun da hərbçi olmasını çox da arzu etməyiblər. Buna baxmayaraq o öz istəyinin arxasınca gedib və tankçı olub. Vətən Müharibəsində bölük komandiri kimi iki dəfə yaralansa da o, yenidən döyüş meydanına, üzərində əsdiyi, bütün varlığıyla düşməndən qorumağa çalışdığı heyətinin başına qayıdıb. “Mən ölməyincə Sizə heç nə olmayacaq”, - deyə əsgərləri ruhlandırıb. Fərrux öz işini, tankını çox sevirmiş. Hətta ona köməyə gələn XTQ əsgərlərinə bildirib ki, o, ancaq öz tankı ilə buradan çıxa bilər...

Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi, baş leytenant Fərrux Baxış oğlu Hüseynovun doğum günüdür. O, 29 aprel 1995-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. 2001-2012-ci illərdə Kürdəmir rayon Rüstəm Quliyev adına şəhər 5 saylı tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Heydər Əliyev adına Ali hərbi məktəbə daxil olub. 2016-cı ildə Ali hərbi məktəbi bitirib, tank bölüyünün komandiri kimi xidmətə başlayıb.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə F.Hüseynov komandir kimi qatılıb. Birinci dəfə, idarə etdiyi tankın vurulmasından sonra içəridə yaranan qatı tüstüdən boğulan 3 nəfərlik heyətdən yalnız özü sağ qalaraq təkrar döyüşlərə qayıdıb. Həkimin etirazına baxmayaraq yenidən döyüşlərə atılıb. İkinci dəfə 9 noyabr 2020-ci ildə yenidən tankı vurulub. Tankdan düşüb içərisindəki heyəti çıxarmağa çalışarkən ikinci dəfə atılan mərminin yanına düşməsi nəticəsində qəhrəmancasına şəhid olub. Vətənin igid oğlu Kürdəmir Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin  sərəncamlarına əsasən Fərrux Hüseynov ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə”, "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Anası Səhər xanım söyləyir ki, Fərrux evin yeganə oğlu idi, bir qızım var. Fərrux hərbçi ailəsində böyüyüb, ona görə də nizam-intizamlı, tərbiyəli, mülayim, məsuliyyətli uşaq idi, əlaçıydı. Ali hərbi məktəbə qəbul oldu, oranı bitirib tankçı ixtisasını seçdi. Tovuzda işləyirdi. Nişanlamışdıq da onu. Mayda toy edəcəkdik, amma pandemiya səbəbindən təxirə saldıq. Avqustda Fərrux qəti qərar verdi ki, oktyabrın 18-də ailə içərisində toyu edək, daha uzatmayaq. Müharibə başlayanda döyüşlərə qatıldı. Danışanda deyirdi ki, müharibə qurtaranda toyu edərik darıxmayın. İki dəfə yaralanmışdı. Amma həkimlərin etirazına baxmayaraq yenə də döyüşə geri qayıtmışdı. İkinci dəfə yaralananda tankı vurmuşdular, beyin travması keçirmişdi. Zərdaba gətirmişdilər. Oktyabrın 13-də getdik görüşdük. Qucaqladım, qoxladım Fərruxumu. Nə biləydim ki, son görüşümüzdü...
Döyüş yoldaşı Elsevər Hümmətli Fərruxu belə xatırlayır: “Mən onun  bölüyündə mexanik – sürücüyəm. Döyüş başlanan ilk gündən son günə qədər bir yerdə olmuşuq. Mən fəxr edirəm ki, elə ürəkli, cəsarətli bir komandirin bölüyündə olmuşam. O, həmişə şəxsi heyətin qayğısına qalıb, onların vətənpərvərlik hisslərinin daim yüksək səviyyədə qalmasına səy göstərib. Komandirimiz Fərrux döyüşdə özünü bizdən qabağa atırdı. Həmişə deyirdi ki, birinci mən, sonra siz. Mən onun valideynlərinə təşəkkür edirəm ki, elə vətənpərvər, qayğıkeş, cəsur övlad böyüdüblər. Fərruxun Vətən eşqi, xidmətə ciddi münasibəti, yoldaşlığa sədaqəti, xüsusən də torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şücaəti dastana sığmaz. O bizim üçün ölməyib, yaşayır, həmişə də yaşayacaq!”

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər