19.12.2024, 04:34
AZ EN
27.04.2024, 16:52 315

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

XƏBƏRLƏR
  • XIX əsrdə və XIX əsrin əvvəllərində İrəvanda bütün çətinliklərə sinə gərib xalqın tərəqqisinə çalışan, maarif və mədəniyyətin yayılmasına xidmət göstərmiş ziyalılar Fazil İrəvani, Mirzə Ələkbər Elxanov, Məmmədvəli Qəmərlinski, Vahid Muğanlı, Həsənzadə Hüseyn İrəvani, Cəfər bəy Cəfərbəyov, Mirməhəmməd Mirfətullayev, Mirzə Cabbar Məmmədzadə, Rəhim Xəlilov, Mirzə Abbas Məmmədzadə, Şeyx Əbusəttar Kazımov, Mirzə Mustafa Rəcəbov və onlarla bu kimi başqalarının milli pedaqoji kadrların yetişdirilməsində danılmaz əməyi olub. Bu maarif fədailəri öz üzərilərinə düşən missiyanı şərəflə, mərdlik və mətanətlə yerinə yetirmiş, ictimai-pedaqoji, ədəbi fikir tariximizdə pedaqoji şüurun fomalaşmasında əvəzsiz xidmətlər göstəriblər. Bu maarif fədailərinin həyatı, pedaqoji fəaliyyəti çox az tədqiq olunmuş və yaxud da yetərincə araşdırılmayıb.

Bu fikirlər filologiya üzrə fəlsəfə elmləri doktoru, Qərbi Azərbaycan İcmasının üzvü Cəlal Allahverdiyevin “XIX əsrdə və XX əsrin əvvəllərində İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalılarının rolu” adlı məqaləsində yer alıb. 

Məqalədə bildirilir ki, İrəvanda qabaqcıl maarifçilərin sırasında öz dəsti-xətti ilə seçilən Axund Məhəmmədbağır Qazızadənin ictimai-pedaqoji fəaliyyətini əhatə edən illər xalq maarifi sahəsində başlamış böyük bir canlanma ilə müşayiət olunur. O, 1829-cu ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərində anadan olmuşdur. Dərin biliyə və erudisiyaya malik olan Axund Məhəmmədbağır Qazızadənin azərbaycanlı əhali arasında böyük hörmət və ehtirama sahib olmasında başlıca cəhət, bilik və bacarığını təkcə bir məscidin, bir icmanın maraqları baxımından deyil, bütövlükdə xalqa, onun inkişafına xidmət naminə sərf etməsi ilə bağlı olub.

Dövrün qabaqcıl ziyalıları kimi Axund Məhəmmədbağır Qazızadə də yeni tipli məktəblərin yaradılması, pedaqoji kadrlara olan ehtiyacı ödəmək, savadlı kadrlar hazırlamaq zərurətini görərək İrəvanda onun həyata keçirilməsi uğrunda mübarizə aparanların önündə gedirdi. O, İrəvanda ilk qızlar məktəbinin açılmasının təşəbbüskarı və təşkilatçısı olub. Axund Məhəmmədbağır Qazızadə İrəvan Quberniyası Ruhani Məclisinin sədri olmaqla yanaşı, İrəvan Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müdiri və şəriət müəllimi vəzifəsində çalışıb. Həyatının 45 ildən artıq bir hissəsini müəllimliyə, İrəvanda Azərbaycan maarifinin və mədəniyyətinin inkişafına həsr edib.

XIX əsrin sonlarında Azərbaycanda və başqa şəhərlərdə yeni tipli məktəblər açıldığı kimi, İrəvanda da bu sahədə təşəbbüs və xidmət göstərən qabaqcıl ziyalılar olub. Bu ziyalılar arasında həmin dövrdə İrəvanda yaşayıb-yaradan Mirzə Kazım bəy Əsgərzadə Axund Əhmədovun (“Mütəlle” - 1832-1892) 1880-ci illərdə İrəvanda açdığı dünyəvi məktəb çox böyük səmərəli fəaliyyət göstərib. O, tədrisin yeni üsullarla aparılmasında, azərbaycanlı balalarının savadlanmasında çox böyük rol oynayıb. Onun açdığı məktəbdə hesab, ana dilinin sərf-nəhvi, fars dili və nitq fənləri tədris edilirdi. Mirzə Kazım bəy Əsgərzadə İrəvan gimnaziyasının ehtiyat siniflərində dərs deyən Çistyakovla yaxından dostluq münasibəti qurub, onunla maarifçilik sahəsində səmərəli əməkdaşlıq edib. İrəvanda böyük nüfuz sahibi olan, zəkalı, açıq fikirli, fədakar ziyalı Mirzə Kazım bəy Əsgərzadə həm də Mirzə Fətəli Axundovun yeni əlifba ideyasını dəstəkləyənlərdən biri olub və bu ideyanın həyata keçməsi üçün böyük səy göstərib.

1880-ci illərdə İrəvanda Mirzə Kazım Qazi Əsgərzadə Axund Əhmədovla yanaşı, maarifpərvər ziyalı Mirzə Əli Məhəmməd Xəlilovun açdığı “üsuli-cədid” məktəbi də səmərəli fəaliyyət göstərib. 1881-ci İrəvanda yeni tipli “üsuli-cədid” məktəbinin əsasını Mirzə Əli Məhəmməd Xəlilov qoyub.

İrəvanda yaşayıb-yaratmış, ədəbi-bədii sözün görkəmli xadimləri arasında Məşədi İsmayıl Hacı Kazımzadənin (“Bəzmi”) də öz məktəbi olub ki, burada da uşaqlara ibtidai təhsil verilirdi. Həmin dövrdə İrəvanın ədəbi-mədəni həyatının parlaq simalarından olan Məşədi İsmayıl Hacı Kazımzadə ömrünün 20 ilini maarif sahəsinə həsr etmişdi. Onun 1882-ci ildə İrəvanda açdığı üçsinifli məktəbində Fərəc bəy Sultanov, Əli Tağı oğlu Hüseynzadə ana dilini tədris etmişlər. Məktəbdə ilk ildə 14 şagird təhsil alıb. Məşədi İsmayıl Hacı Kazımzadənin açdığı həmin məktəbdə Azərbaycan dili ilə yanaşı, rus dili və hesab fənləri də tədris edilirdi. Görkəmli ədəbiyyat xadimi Firudin bəy Köçərli Məşədi İsmayıl Hacı Kazımzadənin maarifçilik və pedaqoji fəaliyyəti haqqında yazır ki, “mən 1885-ci ildə İrəvan gimnaziyasına müəllim təyin olunduqdan, Məşədi İsmayıl Hacı Kazımzadə ilə tanış olduqdan sonra, onun tədris üsullarını bilmək üçün məktəbinə gedib uşaqların təlimi ilə hədsiz şövqlə məşğul olduğunu görüb, onunla yaxınlaşmağa və dostluq əlaqəsində olmağa səy göstərərdim. Amma əcəl fürsət vermədi. O, cənabın dostluğundan bizi məhrum eylədi”. Onu da qeyd edək ki, Məşədi İsmayıl Hacı Kazımzadə “Bəzmi” təxəllüsü ilə xeyli müxəmməslər, rübailər, qəsidə və qəzəllər yazıb. Hətta onun yaradıcılığını diqqətlə izlədikdə poetik nümunələrinin əksəriyyəti dərs dediyi uşaqlara, onların təlim-tərbiyəsinə, yaxşı təhsil alıb savadlı olmalarına həsr edilib. Onun “Gül oğlum” adlı böyük həcmli şeiri və digər şeirləri də məhz bu qəbildəndir.

İrəvanda milli maarifçilik sahəsindən danışarkən burada fəaliyyət göstərən, qabaqcıl ziyalılardan olan Məmmədqulu bəy Kəngərlinskidən söhbət açmamaq mümkün deyil. O dövrdə qızların təhsil alması, oxuması çox çətin bir məsələ olmasına baxmayaraq, XlX əsrin sonlarında azərbaycanlı qızlar üçün dünyəvi məktəblər açmaq məsələsi bir zərurət kimi meydana çıxmışdı. 1901-ci ildə İrəvan şəhərində Məhəmmədqulu bəy Kəngərlinski öz şəxsi vəsaiti hesabına müsəlman “Leyli” qız məktəbi açmışdı. Başqa məktəblərdən fərqli olaraq burada təhsil pulsuz idi. Məmmədqulu bəy açdığı bu “Leyli” qız məktəbində şagirdlərin rus, alman, fransız dillərində mükəmməl təhsil alması üçün müxtəlif ölkələrdən ixtisaslı müəllimlər dəvət edirdi.

İrəvanda maarifin, mədəniyyətin, milli intibahın tərəqqisi naminə çalışan İbadulla bəy Muğanlinski, Abbas ağa Fərəcov, Haşım bəy Nərimanbəyov, Məmməd Əliyev, Mehdi Kazımov, İsfəndiyar bəy Sultanov, Tərlan xanım Sultanova və onlarla bu kimi fədakarlıq göstərən ziyalıların adlarını qeyd etmək olar. (AZƏRTAC)

Oxşar xəbərlər