"Vətən səsi" xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi dövründə döyüş bölgəsindən kənarda yerləşən şəhər və kəndlərimizdə mülki əhaliyə, yaşayış məntəqələrinə və həmin rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ciddi zərər dəyib. Buna görə də Prezident İlham Əliyevin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası Silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə” 2020-ci il 14 dekabr tarixli Sərəncamına uyğun olaraq, dağılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500, digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulub. Lakin mülki əhaliyə dəyişmiş ziyanla bağlı bəzi problemlər hələ də qalmaqdadır.
Məruzədə Vətən müharibəsi dövründə mülki əhaliyə dəyən ziyanla əlaqədar əlavə vəsaitin ayrılması təklif olunub. Bildirilir ki,Ermənistan silahlı qüvvələri tərəfindən respublikanın bir sıra yaşayış məntəqələrinin, xüsusilə mülki əhalinin sıx məskunlaşdığı yerlərin, o cümlədən şəhər və rayon mərkəzlərinin raket atəşinə tutulması nəticəsində çoxlu sayda fərdi yaşayış evlərinə və mənzillərə ziyan dəyib. Odur ki, işğalçı ordunun mülki əhaliyə və sahibkarlıq subyektlərinə vurduğu zərərin nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin davam etdirilməsi məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması təklif olunur.
Elxan SALAHOV