Abidənin açılış mərasimində hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, N saylı hərbi hissənin əməkdaşları, kənd məktəbinin kollektivi, kənd ağsaqqalları və sakinləri iştirak ediblər.
“Şəhid bulağı”nın qarşısına tər gül dəstələri düzülüb. Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək Ali Baş Komandan, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində həyata keçirdiyi qətiyyətli siyasətdən, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan söz açıb. Şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına torpaqlarımızın işğaldan azad olunmasını xüsusilə vurğulayıb.
Mərasimdə, həmçinin şəhid ailələri, kənd sakinləri çıxış ediblər. Çıxışlarda şəhid Büsat Qurbanovun həyat yolu və döyüşdə göstərdiyi qəhrəmanlıqdan söhbət açılıb. Bildirilib ki, Büsat Əfsər oğlu Qurbanov 2000-ci il sentyabrın 10-da Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində anadan olub. Tam orta məktəbi bitirdikdən sonra 2018-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Nümunəvi xidmətinə, çalışqanlığına və intizamlı davranışına görə hərbi hissə komandiri tərəfindən təşəkkür məktubu ilə qiymətləndirilib. Ana vətənə, doğma yurduna olan sevgisi onu hərbçi olmağa vadar edir. Büsat könüllü olaraq, 2020-ci ilin iyun ayında N saylı hərbi hissəyə tankçı olaraq xidmətə qayıdıb. Vətən müharibəsi zamanı Büsat və cəsur əsgər yoldaşları düşmən səngərini keçən ilk döyüşçülərdən olub. O, döyüş əməliyyatlarında öz tankı ilə düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib, öz şücaəti ilə xüsusi seçilib. Cəbrayıl rayonunun Nüzgar kəndi uğrunda gedən döyüş əməliyyatları zamanı şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Daha sonra Büsatın adını daşıyan bulaq kompleksi istifadəyə verilib və məktəblilərin şeir kompozisiyaları ilə tədbir yekunlaşıb. (AZƏRTAC)