Vətən müharibəsində canından keçən igidlərimizdən biri də 19 yaşlı qəhrəman Umudlu Elmir Pərviz oğludur. O, Şəkinin Zunud kəndində anadan olub. 2018-ci ildə orta məktəbi bitirən Elmir Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Texniki Kollecinin "Nəqliyyat daşımalarının təşkili" fakültəsinə daxil olub. 2019-cu il aprelin 25-də təhsilini yarımçıq qoyub hərbi xidmətə yola düşüb. Bakının N saylı hərbi hissəsində Həmlə taborunda xidmət etməyə başlayıb. Xidmətini bitirməyə 4 gün qalmış Vətən müharibəsi başlayıb. O, bir əsgər kimi Vətənin müdafiəsinə qalxaraq Cəbrayıl, Fuzuli, Xocəvənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə iştirak edib. Cəbrayıl döyüşlərində ayağından yaralanan Elmir yoldaşlarından arxada qalsa da, geri dönməyib. Əksinə, elə bu vəziyyətdə dostlarına yetişməyə çalışarkən onların mühasirəyə düşdüyünü görüb. Həmin vaxt özünü itirməyən və bütün gücünü toplayan Elmir əsl qəhrəmanlıq nümayiş etdirib. Belə ki, o, tez özünə mövqe tutub və düşmənin üzərinə od yağdıraraq 25-ə yaxın döyüş dostunu xilas etməyə nail olub. Amma bu onun son döyüşü olub. Qəhrəman Elmir Vətən müharibəsində 2020-ci li oktyabrın 28-də ən uca məqama – Şəhidlik zirvəsinə ucalıb.
Şəhid Elmir Umudlu ata-baba yurdu olan Şəki rayonunun Zunud kəndində böyük bir ehtiram və izdihamla torpağa tapşırılıb. Şəkidə təhsil aldığı orta məktəbin qarşısına barelyefi vurulub. Adına bulaq inşa edilib.
Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Elmir Umudlu Vətən uğrunda şəhadətə ucalanda cəmi 19 yaşı vardı. Amma o, bu gənc yaşında tarix yazdı. Adını Vətənin Zəfər tarixinə qızıl hərflərlə qanıyla həkk elədi. Atası Pərviz Umudov deyir ki, mən Azərbaycanın fəxri olan bir qəhrəmanın atasıyam. Arzum budur ki, Ali Baş Komandanımız İlham Əliyevin Dəmir yumruğu bir simvol kimi işğaldan azad edilmiş bütün ərazilərimizdə qoyulsun və düşmən bu tarixi unutmasın...
Elmir Umudlunun qəhrəmanlığı bu gün dillərdə dolaşır, adına şeirlər, nəğmələr qoşulur. Şəhidimizin əmisi qızı, yazıçı Nurlana İşıq da, “Qəhrəman Elmir” adlı yazı ilə onu bizə tanıdır. Həmin yazı bu sözlərlə bitir. “Elmir bu gün ən uca zirvədədir – ulduzların yanında. O yerlərdə ki, orada əbədi sülh hökm sürür”.
Ruhun şad, məzarın nurla dolsun, Elmir balamız!
Mina RƏŞİD