Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası ənənəvi olaraq Qurban bayramına dair tövsiyələrini çatdırmağı vacib bilərək bildirir ki, Qurban bayramına dair hökmlərə və qaydalara əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulmuşdur. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savab sayılır. Unutmaq lazım deyil ki, Uca Tanrı müqəddəs Qurani-Kərimdə qurbanlığın dəyərini deyil, xeyir və təmiz niyyətin əhəmiyyətini vurğulamışdır: “Onların (qurbanların) nə əti, nə də qanı, əlbəttə, Tanrıya çatmaz. Ona çatan yalnız sizin təqvanızdır...” (Həcc;37)
Şuranın fətvasında qeyd edilir ki, adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır, çünki belə davranmağı əziz Peyğəmbərimiz (s) bizlərə tövsiyə edib. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, qoca və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən, müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Tanrının adı çəkilərək kəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə kasıb və fəqir ailələrə, üçüncü hissənin isə hədiyyə kimi qohum-əqrabaya paylanması tövsiyə olunur.
AMEA Şamaxı Rəsədxanasının hesablamalarına əsasən Azərbaycan üfiqində Ayın görünməsinə uyğun olaraq Qurban Bayramı bu il Zül-hiccə ayının 10-a – Miladi təqvimi ilə 9 iyul tarixinə təsadüf edir. Şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər. İyul ayının 9-da məscidlərimizdə birgə Bayram namazları qılınacaqdır.
Azərbaycanda Qurban bayramı günləri dövlət tərəfindən qeyri-iş günləri elan edilmişdir.
Dövlətimizin dindarlara olan özəl diqqətinə görə təşəkkürünü bildirən Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası milli-mənəvi dəyərlərimizin hamisi Prezident cənab İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı bayram münasibətilə təbrik edib, onlara dindarlarımızın xeyir-dualarını yetirib, dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişafı naminə xeyirxah səmərəli fəaliyyətlərinə görə uğurlar arzulayıb.
Hədislərdə qeyd olunur ki, Qurban Bayramının gecəsi və gündüzü duaların qəbul olunduğu zamandır. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə Vətənimiz və millətimiz üçün dualar edilir, şəhidlərimizə rəhmət oxunur. Şükürlər olsun ki, artıq ikinci ildir ki, xalqımız Qurban bayramını Zəfər əhval-ruhiyyyəsi ilə qarşılayır. Azərbaycan xalqı müdrik dövlət öndəri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni təcavüzünə son qoyaraq tarixi ədaləti, Azərbaycanımızın ərazi bütövlüyünü bərpa etdi. Uca Tanrı Vətən uğrunda, bu Böyük Zəfər yolunda canlarından keçmiş, şəhidlik məqamına yüksəlmiş igidlərimizə rəhbət eləsin. Qəhrəman qazilərimizə şəfa bəxş eləsin. Uca Tanrı Azərbaycan dövlətini və xalqını, onun müdrik rəhbərini hər zaman müzəffər etsin!
Tahirə AĞAMİRZƏ