22.11.2024, 10:21
AZ EN
06.11.2022, 15:25 635

Ruh yüksəkliyi ilə alınmış yüksəkliklər…

XƏBƏRLƏR

Çağdaş tibbə inansaq, insan təqribən: 6 dəqiqə oksigensiz, 1 həftə susuz, 11 gün yuxusuz, 40 gün ac yaşaya bilər. 1 millət 44 gün ayaqüstə yaşadı – ayaqüstə və yuxusuz; 27 sentyabr səhər saat 6-dan ta 10 noyabr gecəyarısına kimi.

***

Adam Mitskeviç: “Təbiət zəhəri sürünənlərə verib. Güclülərin buna ehtiyacı yoxdur!” Düşmən səngərləri ilan yuvasına oxşayırdı, onları torpağın altından çıxarıb... təzədən torpağın altına gömdük. Hər günü zəfər olan müharibə! – bu, ancaq haqq savaşı ola bilərdi. Kafir üstünə güllədən, mərmidən, PUA-dan tez şığıyan əsgər eşitmişdiniz? O, bizim əsgərdir! Aldığı ilk yüksəklik – Ruh yüksəkliyi oldu! Açdığı atəş ancaq hədəfə dəyirdi: torpağı yaralamasın deyə, quşa toxunmasın deyə, ağacı qırmasın deyə. Deyə-deyə də aldılar Qarabağı: deyə-gülə, deyə-oxuya, deyə-oynaya...

***

Şuşa ətrafında gedən döyüşü rus bloger çəkmişdi, ermənilər üzü Xankəndiyə tərəf qaçırlar, bloger soruşur, niyə gedirsiniz, axı Azərbaycan ordusu görünmür, terrorçuların komandiri cavabında: – Onlar hər yerdədir, görünmədən bizi qırırlar, sanki yerin altından çıxırlar, – deyir... *** Qarabağda təkcə ordumuz döyüşmədi, həm də orda uyuyan şəhidlərimiz silaha sarıldılar: Silah çəksə elimizə, Kimsə həddin aşsa əgər, Şəhidlər o dünyanın da Altın üstünə çevirər!.. Çevirdilər də: təkcə işğal altındakı torpaqlarımızda uyuyan şəhidlərimiz deyil, Şəhidlər xiyabanındakılar da haqq savaşına qatıldılar. Sizə bir sirr açım: Şuşaya necə dırmandı igidlərimiz? – Deyimmi? Onlara I Qarabağ müharibəsində qəhrəmancasına həlak olan şuşalı Ramiz Qəmbərov əlini uzatdı! Qalxın, – dedi, neçə ildir sizi gözləyirdik...

***

Ali Baş Komandan 44 gündə hər dildə müsahibə verdi, az qala: hərbin dilində, siyasətin dilində, dünyanın aparıcı dillərində... Həm də hər dildə dillərini kəsdi bədxahların. Hələ dava vaxtı yazmışdım: düşmənlər də ən dəqiq məlumatı Prezidentimizin “Twitter” səhifəsindən alırlar... *** Bir vaxtlar: “Durnası da uçmazdı qürbətə bu diyarın”. 1993-cü ildən sonra Qarabağdan quşlar, vəhşi heyvanlar bir yana, ağaclar, daşlar da perik düşübmüş. Biz qayıdıb nələr gördük orda, nələr?! Prezident İlham Əliyev “Sanki burdan vəhşi qəbilə keçib” deməkdə nə qədər haqlıdır! Ucsuz-bucaqsız bir xarabalıq! 2020-ci ilin payızında Qarabağın şəklinə bundan “yumşaq” ad qoymaq olmazdı. Zəfərdən 2 il ötüb, vur-tut 2 il. Qarabağın indiki şəklinə baxın: bərpa, tikinti, aeroport, festivallar, musiqi, quş səsləri... Bu payız durnalar da geri qayıdır – bütün qarabağlılar kimi... *** 4+4: rəqəmsal namə. 44 günlük savaş, 8 noyabr 2020-ci il – Zəfər tariximiz, 4+4= 8. 8 həm də sonsuzluq işarəsidir. Mən elə görürəm...

Qulu AĞSƏS,

şair-publisist

"Xalq qəzeti", 6 noyabr 2022-ci il, № 244

Oxşar xəbərlər

SON XƏBƏRLƏR