27.06.2025, 00:39
AZ EN
05.02.2024, 17:41 824

Qələbəmizi sınıra bilmirsinizsə…

XƏBƏRLƏR
  • Qərbi Azərbaycandan olan Fətəliyeva Minayə Lətif qızının söylədikləri nə nağıl, nə də ki, hekayədir, yaşadıqları və yaddaşından heç vaxt silinməyənlərdir. Bu hadisələrin üzərindən düz 36 il keçir…

Minayə xanım deyir ki, o axşam kənd camaatı Atdıxan dayıgilə yığışırdılar. Sürücü Sahibi ağır vəziyyətdə kəndə gətirmişdilər. Gorus erməniləri maşınının qarşısını kəsib, onu döyüb, ölümcül hala salmışdılar. Tanınmaz halda idi. Üz-gözü elə bil, üfürülmüşdü. Təpitmə döşəyirdilər…

Şahid danışır ki, ağsaqqal, ağbirçək, cavan, uşaq, bir sözlə, kənddə kim vardısa hamısı orada idi. Camaat həm Sahibə baş çəkməyə, həm də bir məsləhət etməyə yığışmışdı.

Hadisələr 1988-ci ilin fevralından başladı. Heç arası bir şey çəkmədi. Sentyabrdan artıq əhali kəndi məcbur olub tərk etməyə başlamışdı. Azərbaycanlılar işə gedə bilmirdilər. Məktəbdə dərslər yarımçıq qalmışdı.  Evlərin damlarını daşlamaq, ot tayalarını odlamaq, hədə-qorxu dolu yazılar yazıb qapılara yapışdırmaq, kəndin işığını söndürmək, vahiməli vəziyyətlər yaratmaq, rayon mərkəzinə Sisiana (anamgil Qaraisə deyirdilər) hər hansı sənəd dalınca və yaxud vacib bir iş üçün gedənin üstünə tökülüb döymək, gecələr evlərə qəfil hücumlar etmək adi hal almışdı.

İki gündən bir xəbər yayılırdı ki, gecə kəndə Əngələvid erməniləri hücum edəcək. Əngələvidlilər çox qəddar idilər. Əvvəlki qırğınlarda da onlar amansızlıqla çox qanlar tökmüşdülər. Yaşlı nəsil nə baş verdiyini, camaatı nə faciələr gözlədiyini bilirdi. Çünki dəfələrlə başları çəkmişdi. Tək Sovet hökuməti deyib durmuşdular. O zülmü təkrar yaşamaqlarının yeganə səbəbi də elə Sovet hökumətinə olan inamları idi. Allah dağıtmış bu hökumət keşkə tez dağılardı... Osman müəllim, Allahyar həkim, yerləri behiştliklər əsl kommunist idilər… Camaatı inandırırdılar ki, Sovet hökuməti ölməyib ki, erməni həddini aşsın…

Minayə xanımın yaddaşından silinməyənlər bunlarla bitmir. Dinlədikcə köhnə yaralar qövr edir. 1905, 1918, 1948-1951…

Qan üstündə bərqərar olan, elə qan-qada ilə də yıxıldı. Çanaq yenə də biz azərbaycanlıların başında çatladı... İlahi, o ağır günlərin tək şahidisən, Sən! Sən haqqı nahaqqa vermədin heç vaxt. Bizim də haqqımızı zalıma vermə!

1988-ci il noyabr-dekabr aylarında gecə vaxtı üzü “Eşşək meydanı” deyilən yerə sarı ayaqyalın, başaçıq, üz tutan, qarda-boranda itkin düşən, həlak olan, əli-ayağı donan, yarıcan olan, sağ-sökəl birtəhər zalımın əlindən quru canlarını qurtarıb Laçına pənah aparan Şəki camaatının hal-qəziyəsini BMT, Avropa Şurası, ATƏT haradan bilərdi. Belə görünür ki, onlar bu 36 ildə heç nə bilməyib, heç nə görməyib, heç nə eşitməyiblər… “Çox uzaqlarda” insan haqlarını qorumaqla başları qarışıq olub.

Qərbi Azərbaycandan didərgin olan, məcburən qovulan, deportasiya edilən, etnik təmizləməyə məruz qalan bizlər 36 ildir o haqlardan məhrum sayılmışıq. Tək şahid özünsən, Allah! O çətin günlərdə də, biz tək səni çağırmışıq, ya Allah, dadımıza yet, demişik. Nə BMT, nə Avropa Şurası, nə də ki, digərləri yadımıza düşməyib. Yenə də səni çağırırıq, ya Allah, haqqımızı yeyənləri, özün dinə-imana gətir. Gözləri kordusa, gözlərinə nur ver, qulaqları kardısa, qulaqlarını şəfalandır, daş qəlblərini, mərhəmət, rəhmət hissilə doldur, nə fərqi xristian, ya müsəlman olsunlar. Onlar da insandılar. Allahımız tək Sənsən. Hamımızı sən yaratdın. Bunu inkar edən yox. Qaniçənin başını sığallamaq, nazı ilə oynamaq, eləsinə isti qucaq açmaq ədalətsizlik deyilmi? Ermənilərin Azərbaycana necə gətirildiyi bütün dünyaya bəllidir, bu bir tarixdir. Zorla torpağımızda qeyri-qanuni məskunlaşdırılıb, ev-eşik sahibi olublar, dinməmişik. Dövlət yaradıblar, yenə dinməmişik. Dinənlərimizə də qan qusdurdular, güllələdilər. Kətan babamın məzarının harda olduğunu hələ də bilənimiz yoxdur. “Ay haray, bəs paytaxtımız yoxdur, onu da verin”. Bu istəklərini də ürəklərində qoymamışıq. İrəvan şəhərimiz sənədlə, sübutla bizdən alınıb onlara verildi. Axı bu baş verənlər uzaq tarixdə deyil ki, yaddan cıxa. Elə dünən olub. Bütün arxivlərdə durur.

Niyə bizim xoş günümüz gözünüzə bıçaq kimi batır? Məsləhət olmasın, əgər qələbəmizi sınıra bilmirsinizsə, onda festal için!

Ali Baş Komandanımız nə dedisə, onu da etdi. Nə deyibsə, onu da edəcək. Buna əminik! AŞPA da, olsun digər qurumlar da, nə çalsanız yenə havanıza oynayan kimsə Azərbaycanda tapılmayacaq. Ərazi bütövlüyümüz, müstəqilliyimiz bizə canımız qədər əzizdir. Haqq-ədalət uğrunda minlərlə can qurban vermişik. Geriyə yol olmur. Keçmişdən yalnız dərs ala bilərik! Onu da almışıq. Kim kimdir, kim kimin havadarıdır, bu gün kimi aydındır.

Yeni dövr, yeni reallıqlar qarşısında irəliyə atılan hər addımın uğurlu olsun, can Azərbaycan!

Azadə Novruzova, Qərbi azərbaycanlı

Oxşar xəbərlər