Kərimxan qəsəbəsində 40-a yaxın Xocalıdan olan keçmiş məcburi köçkün ailələri məskunlaşıb. Onlar uzun illər əvvəl bu qəsəbəyə gələrkən 70 ailə nəfər idilər. İndi isə 150-yə yaxın Xocalı sakini səbirsizliklə geri dönüşü gözləyirlər.
Bizi yaşadan Xocalıya qayıtmaq arzusudur deyir Milli Qəhrəman Tabil Həsənovun qardaşı Nizami Əliyev. Onun sözlərinə görə doğma yurduna dönmək üçün heç bu qədər tələsməmişdi.
-30 illik həsrətimizə son qoyulur. Ağalıdan başlayan qayıdış nəhayət və nəhayət, biz xocalılara da gəlib çatdı. Hamı çox böyük inamla, çox böyük arzu ilə Böyük Qayıdışa hazırlaşır. Eyni zamanda şəhid ailəsi kimi ailəmiz sevincimizin həddi-hüdudu yoxdur. Biz artıq o sayılı günləri gözləyirik.
Taleyinə girovluq yazılmış, qohumları, yaxınları güllə-baran edilmiş Nəsibə Quliyeva da ailəsi ilə Xocalıya qayıdacağı günü səbirsizlikıə gözləyir. Dərs dediyi ibtidai sinif şagirdlərinə uşaqlıq xatirələrini, yaşadıqlarını danışır və tariximizi dərindən öyrənməyi şagirdlərə tövsiyə edir:
-Biz o torpaqlara, Xocalımıza yenidən qayıdırıq. Xocalıda şəhid olan körpələrin yarımçıq qalmış arzularını Xocalıda bərpa edəcəyik və bunun üçün qürur duyuruq ki, həqiqətən də bizim xalqımız məğrur xalqdı. Heç vaxt başına gələn hadisələri, faciələri unutmur, unutmayacaq.
Uşaqlıq xatirələri, ağrı-acıları Xocalıdan qalanlardan biri də Eldəniz Məhərrəmovdur. O deyir ki, Azərbaycan gənci olaraq bu ağrını, bu acını yaşamağa məcbur olduq. Ancaq bu gün qürurla danışa bilərəm ki, 30 ildən artıq olan ağırlığımız, yanğılarımız artıq sona çatdı. Qürurla deyə bilərəm ki, biz Xocalıya qayıdırıq. Xocalımız artıq azaddır. Biz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücümüzlə, öz hərbi gücümüz, güclü Ordumuzla torpaqlarımızı işğaldan azad edərək bütöv Azərbaycanı birləşdirdik.
Hazırladı: Tahirə AĞAMİRZƏ