08.09.2024, 06:00
AZ EN
14.12.2023, 09:01 356

Əliyarın şeirləri

XƏBƏRLƏR
  • Dekabrın 14-ü Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin ad günüdür.

...2017-ci ilin noyabrında rejissor dostum Vəli Səyyadi ilə Əliyar Əliyev haqqında televiziya  filmi hazırlayırdıq. Çəkilişlərimiz Lələtəpə yüksəkliyindən başladı. Burda hərbi hissə komandiri, bir vaxtlar Əliyar Əliyevin güləş məktəbinin yetirməsi olan Şükür Həmidovdan müsahibə aldıq.

Bütün çəkilişlər boyu bizə Əliyarın böyük qardaşı Rüzgar bələdçilik edirdi. O da hərbçi kimi, I Qarabağ müharibəsinin sonuna qədər döyüşüb və mayor rütbəsində pensiyaya çıxıb.

O film üçün Əliyarın bir neçə döyüş dostundan, Rüzgardan, həmyerlisi jurnalist Hacı Nərimanoğlundan, oğlu Emin və Yusifdən, həyat yoldaşından müsahibələr götürdük.

İndiyə kimi, yəni son 30 ildə çox şəhidlərimiz haqqında sənədli film və verilişlər hazırlamışam. Əlbəttə, bu sırada şəhid Milli Qəhrəmanlarımız da var. Hamısının xatirəsi mənə əzizdir. Hər birinin ruhu qarşısında baş əyirəm. Sadəcə, çəkilişlər boyu eşitdiklərimin nəticəsində Əliyar ürəyimin lap baş tərəfində özünə yer elədi. 35 yaşında şəhid olan bu cavan gözümdə ucalardan ucaya qalxdı.

Əliyarın cavanlıq şəklini böyütdürmüşəm, gözəl bir çərçivədə iş otağımın baş tərəfində qoymuşam. Düz altı ildir ki, hər səhər işə gələndə, onunla salamlaşıram. Və ən maraqlısı odur ki, ilk dəfə iş otağıma qədəm qoyanların əksəriyyətinin ilk sözü bu olur: “Müəllim, cavanlıq şəklinizdir?”

Müharibədən əvvəl Əliyar pəhləvan kimi tanınırdı. Tuncdan tökülmüş heykəli xatırladan Əliyar, 60-cı illərdə, nəinki Zəngəzurda, eləcə də bütün

 

Azərbaycanda məşhur olan Bahadır pəhləvanın bacısı oğlu idi. Qonşu erməni kəndləri də, necə deyərlər, Əliyarın əlinin suyunu dadmışdı. Onun haqqında əfsanələr dolaşırdı.

Burada Əliyarın pəhləvanlığından  bir epizodu xatırlamaq  istəyirəm. Bu epizodu  “Əliyar”  filmində  jurnalist  Hacı  Nərimanoğlu  söyləyib:

“Əliyarla Qafana getmişdik. Təsərrüfat  malları mağazasına girdik. İçəridə beş-altı adam vardı.  Əliyar satıcıya dedi ki, mənə 150 –lik mismar lazımdır.  O, satıcının verdiyi mismarları sap  kimi bir-birinə dolayıb geri qaytardı ki, siz mənə alüminiumdan hazırlanmış mismar niyə verirsiniz? Satıcı gedib yenə həmin mismardan  üç-dördünü  gətirdi. Eyni vəziyyət təkrar olundu. Hamının gözü kəlləsinə çıxmışdı. Mağazadan çıxıb rayon mərkəzi ilə univermaq tərəfə gedirdik.  Gördük  ki, bir neçə  erməni  əllərində mismar arxamızca gəlir. Hərə əlindəki mismarları Əliyara uzadıb “ bunları əyin, verin bizə, yadigar saxlamaq istəyirik”  deyirdilər. Əliyar yenə də eyni qayda ilə mismarları bir-birinə düyüb onlara qaytardı”.

 Sənədli filmin qəribə qaydaları var.  Bəzən  elə məqamlar olur ki, onları filmə gətirə bilmirsən. Bəzən filmin həcmi, bəzən də  mövzunun istiqaməti bütün çəkiliş materiallarından tam istifadə etməyə imkan vermir. Sonradan görürsən ki, filmə düşməyən məqamlar özü ayrıca filmdir- ancaq tamaşaçının yox, müəllifin yadında qalan film.

Əliyarın həyat  yoldaşının filmə  düşməyən çıxışından bir parça var. Əliyarın sadəliyini göstərən bu fraqment qəhrəmanımın obrazına ayrıca bir işıq qatır.

Beləcə, həyat yoldaşının efirə getməyən çıxışından:

“Əliyar “Məhsul” Kənd Könüllü İdman Cəmiyyəti Qubadlı Rayon Şurasının sədri idi.  Hamı ona hörmətlə yanaşırdı, yaşı az olsa da, nüfuzu böyük idi. Kömək üçün ona üz tutanlar çox olurdu. Bir dəfə gecə gördük ki, kimsə doqqazın ağzından onu çağırır. Tez-tələsik o biri otağa keçib, əynindəki idman paltarını dəyişib çıxdı. Deyirəm ki, ay Əliyar, başına dönüm, hamı bilir ki, sən idmançısan, elə o idman paltarı ilə getsən, nə olasıdı ki? Qayıtdı ki, yox, bu paltarda küçəyə çıxmaq ayıbdır.”

Dostlar, Allaha and olsun, məni Əliyara bağlayan, onu gözümdə ucaldan, qəhrəmanlığından çox, belə yüksək abır-həya sahibi olmağı idi. Və bir də Allaha and olsun ki, bu paltar məsələsində, təvazökarlıqdan uzaq olsa da, deyim ki, mən də eləyəm.

Mənim düşüncəmə görə, Əliyarın böyük fiziki gücü, onun ali insani keyfiyyətlərini tamamlayan köməkçi bir amil olub.

Oğlu Emin filmdəki çıxışında atasını belə xatırlayır:

“ Atam uşaqları yarışa aparanda  nənəmin  iki aylıq pensiyasını, özünün də iki-üç aylıq  maaşını bir yerə yığırdı. İstəmirdi ki, məşq etdirdiyi uşaqların ailələrinin üstünə ağırlıq düşsün.  Çox həssas idi.  Köhnə bir maşını vardı.  Məşqdən çıxanda kənddən olan uşaqları  çox vaxt  evlərinə aparardı.

Dondarlı kəndində  yarış keçirilirdi. Qış ayı idi, yerdə dizə qədər qar vardı.    Yadımdadır, onda mən  birinci sinifdə oxuyurdum. Atam çox vaxt məni özü ilə yarışlara, məşqlərə aparırdı. Onda  25 kq çəkim var idi.  Qaydaya görə güləşənlərin çəkisi 29 kq –dan aşağı ola bilməzdi. Çəkim az olduğu üçün məni yarışa buraxmaq istəmədilər. Düşündülər ki, hər nə olsa da, Əliyar müəllimin oğluyam, yəni uduzsam, yaxşı çıxmaz.  Axır ki, birtəhər razılaşdılar.  O yarışda birinci yerə çıxdım. Atamın gülməyi yox idi, dodağı azca tərpənəndə bilirdin ki, gülümsəyir. Belə bir hal gördüm üzündə. Boynumun ardından ehmalca vurub, “Sağ ol səni, balaca, səndən gözləməzdim” dedi. O, həmişə belə idi. Sevincini heç vaxt biruzə verməzdi.”

Əliyar haqqında filmin çəklişlərindən bir şirin epizod da yaddaşımdan silinmir. Tələbələrindən biri danışırdı ki, yarışdan qələbə ilə qayıtmışdıq. Əliyar evlərinə çatan kimi  tez tapşırıq verdi ki, iki toyuq kəssinlər. Nənəsi də qayıtdı ki, ay bala, siz hər dəfə qalib gələcəksiz deyə, bu həyətdə toyuq, cücə qalmamalıdır?...

İllər keçir, ara-sıra “Əliyar” filminə baxıram və təəssüflənirəm ki, belə duzlu, koloritli epizodlara yer verməmişəm.

Əliyarla bağlı bu söhbəti isə bir tanışımdan eşitmişəm:

“Bir köhnə dostum zəng elədi ki, bəs nahaqdan bir işə düşmüşəm. Gəldi, görüşdük, məsələdən hali oldum. Ağlıma Əliyar gəldi. Onu tələbəlik vaxtımdan tanıyırdım. Bir yerdə məşq edirdik. Düzü, elə bir dostluğumuz olmamışdı, ancaq ürəyimin dərinliyində hiss edirdim ki, o, sözümü yerə salmaz. Bir kağız yazıb göndərdim onu Əliyarın üstünə. Özü də müharibənin ən ağır vaxtları idi. Dostum Qubadlıdan qayıdanda gördüm ki, başı göylərə dəyir”...

Yeri gəlmişkən, “Əliyar” adlı həmin filmdə maraqlı bir çıxış var. Əliyarın güləş məktəbinin yetirməsi, general-leytenant Mais Bərxudarov belə xatırlayır müəllimini: “1988- ci ildə artıq ermənilərlə münasibətlərimiz pozulmuşdu. Elə həmin vaxtlar idi. Minskə yarışa getmişdik. Ora erməni komandası da gəlmişdi. Əliyar müəllim bizi yığdı və birmənalı şəkildə bildirdi ki, əgər siz burda ermənilərə yenilsəniz, mən sizi Azərbaycana aparmayacam. 12- 13 yaşımız vardı onda, uşaq ağlında idik. Doğrudan da elə bilirdik ki, bizi burda qoyub gedəcək. O gün biz dörd nəfər erməniylə yarışa çıxdıq. Ermənilərin ikisi döşəkdə qaldı. Bizi o qədər hirsli hazırlamışdı ki! Mənimlə güləşən erməninin qolu qırıldı. Nizaminin rəqibi isə “bedro”da boğulub yerdə qaldı, onu xərəkdə apardılar. O biriləri də elə. O yarışda bizim komanda birinci yeri tutdu.

Sonralar Qarabağda müharibə başladı. Əliyarın yaratdığı “Pəhləvanlar taboru” gecə-gündüz ermənilərlə döyüşdə idi. Buna baxmayaraq, Əliyar məşqləri saxlamırdı. Döyüşlərdə fasilə yaranan kimi yenə bizi bir yerə yığırdı. Məktəbi bitirənə yaxın bizə dedi ki, uşaqlar, idmançı olmaq, güclü olmaq çox yaxşıdır, amma indiki vəziyyətdə bizə hərbçilər daha çox lazımdır. İstərdim ki, hamınız hərbi məktəbə gedəsiniz.

Həmin il biz-30 nəfər hərbi məktəbə sənəd verdik. Demək olar ki, əksəriyyətimiz qəbul olunduq.”

Adətən, hərbçilər sərt olur. Bu da onların seçdikləri sənətin mahiyyətindən irəli gəlir.

Döyüşçü dostları o verilişdə Əliyarın qorxmazlığı, şücaəti haqqında çox danışırlar. “O, ölümün gözünə dik baxırdı” deyirlər. Ancaq heç kim onun hərbçi kimi sərtliyindən bir kəlmə olsun belə demir.

Həmişə elə fikirləşirəm ki, Əliyar sərt adam olmayıb. Çünki özünə arxayın, biləklərində şir gücü olan bir adamın sərt olmağa nə ehtiyacı var ki. Mən həyatda heç vaxt Əliyarla qarşılaşmamışam. Amma filmin montaj prosesində onunla bağlı kadrlara dəfələrlə baxmışam. Onun üzündə qəribə bir nəciblik var. Döyüş vaxtı Əliyarın “Vurun!” əmrinin sərtliyində də bir özünə arxayınlıq, bir nəciblik var. O kadrları çək-çevir etdikcə, fikirləşirdim ki, Əliyar müharibə üçün doğulmayıb. Heminqueyin “Əlvida, silah” romanında bir söz var. Dəqiq yadımda deyil təxminən belədir: müharibə ən birinci gözəl və güclü insanları öldürür.

Sənədli filmin maraqlı tərəflərindən biri də odur ki, qəhrəmanı müsahibələrdən çox, çay içəndə, maşındakı yolboyu söhbətlərdən tanıyırsan. Rüzgar danışır ki, Əliyar Bakıda tələbə olanda, Bakıxanov qəsəbəsindəki idman təmayüllü məktəbə gedirdi. Burda güləşlə məşğul olan uşaqlara kömək edirdi. Bu işdən ləzzət alırdı. Onun incə ürəyi vardı. Kiminsə ayaqqabısının köhnə oluduğunu görəndə “Mən Bakını yaxşı tanımıram, gedək mənə şəhəri göstər” bəhanəsi ilə onu mağazaya aparar, təzə ayaqqabı alardı. Hətta bir dəfə ayaqqabısını uşaqlardan birinə vermişdi. “Müəllim, bu ayaqqabı ayağıma böyükdür” deyəndə, Əliyar qayıdır ki, zərər yoxdur, iki corabı üst-üstə gey, onda böyük olmayacaq.”

İndi isə qayıdıram 2017-ci ilin soyuq noyabr gününə - Lələtəpə yüksəkliyinə.

Hərbi hissə komandiri Şükür Həmidov mənə müsahibə verirdi. Onun səsinin yanğısı indi də qulağımdadı. O deyirdi: “Əliyarın bütün amalı, məqsədi qələbə idi. 2016-cı ildə biz bu qələbənin bir hissəsinə Ali Baş Komandanımızın rəhbərliyi altında nail olduq. O zamandan bəri həmişə qəlbimdə qalıb ki, inşalllah, bu qələbə sevincini yaşayaq və rəhmətliyin, ən azından, o məzarının üzərinə gedək və uca səslə bağıraq ki, ey bizim hörmətli, qeyrətli Milli Qəhrəmanımız, gənc müəllimimiz, vətənpərvər müəllimimiz, biz qələbəyə nail olduq və səni istəyinə çatdırdıq, bu günləri məzarın üzərində sənə dua eləyirik.

Bu günləri cənab Prezidentimizin dediyi kimi Azərbaycan Ordusu regionun ən güclü ordularından biridir. Aprel döyüşləri də bunu subut etdi. Döyüşçülərimiz düşmən üzərinə əks-hücuma keçdilər, bir çox yüksəklikləri  işğaldan azad etdilər. Bu da Əliyarımızın, Əliyar kimi torpaqlarımız uğrunda şirin canını qurban vermiş şəhidlərimizin ruhunu şad edir. Təbii ki, cənab Prezidentimizin əmri ilə biz yenə hücuma keçəcəyik, bütün işğal altında olan torpaqlarımızı azad edəcəyik.”

2020-ci ilin oktyabr ayında Şükür Həmidovun şəhid olduğu xəbərini eşitdim. Çox sarsıldım. Lələtəpədəki o müsahibə yadıma düşdü. Şükür həmin vaxt dediklərini üç il sonra canı bahasına həyata keçirtdi. Ölümündən sonra o, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

İllər ötür, amma o çəkiliş günlərinin xatirələri yaddaşımda sönmür. Yadımdadır, Füzuli rayonundan, çəkilişdən qayıdırdıq. Yolda Rüzgardan eşitdiyim bir söz mənə sürpriz oldu. O dedi ki, Əliyar şeir yazırdı.

Bakıya qayıtdıqdan sonra mən Əliyarın əl xəttində olan o şeirləri Rüzgardan xahiş eləyib götürdüm. Kompüterdə yazdırdım. İki nüsxəsini qardaşına verdim, biri isə məndə qaldı.

Dünya poeziyası cəngavər ömrü yaşayanların şeirləri ilə zəngindir. Görünür ki, güc, iradə, yenilməzlik, döyüş üçün yarananlar, ürəklərində poeziya adlı mübhəm bir yer saxlayırlar. Əliyarın bu şeirləri də elə o mübhəm dünyanın yadigarıdır. Və bu şeirlərin başlığı da Əliyarın özünə məxsusdur.

 

Şeirləşmiş duyğulardan yarpaqlar

 

Yedirtsən də quş iliyin,

Anlamırsan kişiliyin.

O alanda yağ- bal iyin,

Bir gün gətir şorda sına.

 

Dostluq yolu daş- kəsəkdi,

Bilmək üçün ömür bəsdi.

Baharda tutduğun dostu,

Qar- boranlı qışda sına.

******

İtirdik cəhlimi, izi,

Dumanlar azdırdı bizi.

Biləmmədik dərdimizi,

Öz- özünlə bölürsənmi?

 

Dağ darıxar, duman- çənsiz,

Qan ağlayar gül çəmənsiz.

Deyirdin ölərəm sənsiz,

Mən ölürəm, ölürsənmi?

 

Necə keçir ömrün, günün,

Mən çəkəni bilirsənmi?

O xoş keçən günlər üçün,

Heç ağlayıb, gülürsənmi?

 

Qış gəlib qapını alıb,

Qara saçına dən salıb.

İndi ürəyin yuxalıb,

Mən deyənə gəlirsənmi?

******

Həyata mərd gəlib, düz olmuşam mən,

Vəd verib, vədimi atan deyiləm.

Qılıncla boynumu kəssələr dibdən,

Dostumu düşmənə satan deyiləm.

 

Qapılıb hissimə tək yaşaram mən,

Saz çalıb hüsnünə söz qoşaram mən.

Sənsiz tufan kimi lap coşaram mən,

Coşqun dalğalarda batan deyiləm.

 

Zəhmətimin bəhrəsini yeyərəm,

Çəkinmərəm, sözün düzün deyərəm.

Mərdliklə yaşayıb, ucuz geyərəm,

Tülkü kölgəsində yatan deyiləm.

 

Uzaq düşüb bədnəzərin gözündən,

Qılınclaram düşmənimi dizindən.

Dostun tənbeh edən acı sözündən,

İnciyib qaşımı çatan deyiləm.

 

Vuruldum gözlərə, vuruldum yaman,

Kaş ki, qovuşmağa olaydı güman.

Əcəl gəncliyimə verərsə aman,

Səni yad qoynuna atan deyiləm.

******

 

Bir də qayıtmasın o günlər ta ki,

Qəlbimdə sevdalar çağlaya yenə.

Gözümdə o qədər alçalmısan ki,

Daha nifrətim də hayıfdı sənə.

 

İndi siz tərəfə düşsə güzarım,

Düşünmə, mən səni anıb gəlmişəm.

Ötən günlərimə düşüb yollarım,

İtən günlərimə yanıb gəlmişəm.

 

Rastlaşsaq, ləngimə, dayanma, tez keç,

Nə bir gözucu bax, nə də ki, dillən.

Sən məni bir daha xatırlama heç,

Odam, xatirəni yandıra billəm.

 

Sənli xatirələr “ölsün” deyirəm,

Hərdən bir ox kimi bağrımı dəlir.

O qədər yormuşam bu yolları ki,

İndi yollara da yazığım gəlir.

 

Daha istəmirəm dillənib ürək,

Bir də bu odlara alış, yan desin.

Sevilən kim idi, sevən kim idi,

Qoy bizi həyatda tanıyan desin.

******

Bacım Kifayət erkən qalxıb, həyətə endi,

Vəlişqa salam verdi, nə danışdı, nə dindi.

Kufişin dinməməyi qaranlıq qaldı ona,

Gəlib evdə söylədi, hərə yozdu bir yana.

Şəmruz söylədi yəqin, hirsi tutubdur sənə,

Yenə nəysə deyibsən, sözün dəyib qəlbinə.

Bakir dedi yalandı, Vəliyar fağır uşaqdır,

Xasiyyəti həlimdir, ipəkdən yumuşaqdır.

Ola bilməz Kufişin bir sözün iki etsin,

Kifayət bir söz desin, osa əksinə getsin.

Ya Kifayət xanımı konsertə aparmayıb,

Ya da nə tapşırıbsa, onu tapıb almayıb.

Bəkir hələ susurdu, danışmırdı, dinmirdi,

Kifayətin dərdini, o da yoza bilmirdi.

Dedi yəqin Kifayət dərsin hazırlamayıb,

Vəlişqa da dözməyib, onu biraz danlayıb.

Yoxsa ona nə olub,salam Allah salamı,

Həm hörmət əlaməti, həm Məhəmməd kəlamı.

Şəmruz xanım zəng edib, başbiləni çağırdı,

Dedi hər şeyi bilir, həm də dağdan ağırdı.

Bu sirri bilsə təkcə, Rüzgar müəllim biləcək,

Kifayət rəhmə gəlib, Vəlini dindirəcək.

Bəli, Rüzgar yetişdi, düzü, çox fikirləşdi,

Fikirlər haçalandı, fərziyyələr dəyişdi.

Bir siqaret yandırdı, söylədi son sözünü,

Dedi çağırın gəlsin Kifayətin özünü.

Başbilən dayısından tapşırığı alınca,

Yanar Samir yollandı, Kifayətin dalınca.

Gördü Kifayət yatır, onu sakitcə oyatdı,

Kifayət gözün açdı, baxıb yenidən yatdı.

Qorxa-qorxa yenidən, Samir yaxına gəldi,

Sifarişi çatdırıb, evə tərəf yollandı.

Yenə qayıtdım kəndə, yenə keçdim kəməndə,

Hərə bir söz soruşdu, qoymadılar can məndə.

Nənəm dedi necədir, Şəmruz necə dolanır,

Hər yadıma düşəndə, ürəyim alovlanır.

Suğragilə getdinmi, xəbərin varmı ondan,

Neçə gündür gecələr, çıxmayırlar yuxumdan.

De gördünmü Rüzgarı, Şəhla balam necədir.

Onlarsız ağ günlərim, zülmət dolu gecədir.

Soruşdular hamısın, daha qalan olmadı.

Amma nəsə cavabdan arvad razı qalmadı.

 

Qorxmaz Şıxalıoğlu

 

Oxşar xəbərlər