22.12.2024, 19:25
AZ EN
25.07.2024, 20:50 197

Səhiyyə Nazirliyi Ağdərə rayonunda kardioloji müayinələr təşkil edib

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Ağdərə və Tərtər rayonlarında əhali üçün ikigünlük kardioloji müayinələr aparılır. Tədbirin əsas məqsədi vətəndaşlarda ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müvafiq müalicələrin təyin edilməsidir.

Tədbirin ilk günündə Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndində tibbi müayinələr təşkil olunub. Aksiya çərçivəsində ETKİ-nin kardioloqları, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış keçirilib, ExoKQ, EKQ müayinələri aparılıb. Eyni zamanda, qanda şəkər, ekspres üsulla xolesterinin səviyyəsi müəyyən edilib. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Ümumilikdə, aksiya zamanı 60-dan artıq vətəndaş müayinələrdən keçirilib.

Müayinələrdən sonra sağlam həyat tərzinin təşviqi ilə bağlı, eyni zamanda, yüksək təzyiq və ürəktutma zamanı ilk tibbi yardımın göstərilməsinə dair maarifləndirici tədbir təşkil olunub.

Təqdimatla çıxış edən Kardiologiya İnstitutunun direktoru professor Gülnaz Dadaşova ürək-damar xəstəliklərinin müasir tibbin aktual məsələlərindən biri olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, ürək xəstəliyi və insult üçün risk faktorlarına qeyri-sağlam qidalanma, fiziki aktivlik səviyyəsinin aşağı olması, siqaret və alkoqol kimi zərərli vərdişlər aiddir.

Tədbirdə əhaliyə ürək-damar xəstəlikləri və onların profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tibbi aksiya iyulun 26-da Tərtər rayonunda davam edəcək. Şəhid və qazi ailələri üçün nəzərdə tutulan tədbir zamanı ExoKQ, EKQ müayinələri, eyni zamanda, rayon ictimaiyyəti üçün ürək sağlamlığı haqqında maarifləndirici tədbir təşkil olunacaq.

Qeyd edək ki, Səhiyyə Nazirliyi işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlər və müayinə aksiyaları keçirməyi nəzərdə tutur. (AZERTAC)

Oxşar xəbərlər