20.04.2025, 06:03
AZ EN
23.10.2023, 10:58 345

Qarabağdakı məskunlaşma zonalarında işıq və qaz təchizatı bərpa olunur

XƏBƏRLƏR

 

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Qarabağdakı sülhməramlı kontingentin fəaliyyəti haqqında növbəti informasiya bülleteni yayıb.

"Vətən səsi" xəbər verir ki, oktyabrın 22-də yayılan informasiya bülletenində bildirilir ki, Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir: “Bakı ilə qan tökülməsinin qarşısının alınmasına, təhlükəsizliyin təmin edilməsinə və dinc əhaliyə münasibətdə humanitar hüquq normalarına riayət olunmasına yönəlmiş davamlı qarşılıqlı fəaliyyət dəstəklənir. Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında atəşkəs rejiminin pozulması halları qeydə alınmayıb”.

Qeyd edilir ki, 19 sentyabr 2023-cü il tarixindən Rusiya sülhməramlılarının Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında 8 daimi, 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb. Yol boyu hərəkətin təhlükəsizliyini təmin etmək üçün 7 post, o cümlədən 5-i Azərbaycan tərəfi ilə birgə quraşdırılıb.

Rəsmi bülletendə Rusiya sülhməramlılarının iştirakı ilə Qarabağın əhali məskunlaşmış ərazilərinin elektrik enerjisi və qaz təchizatının bərpası istiqamətində işlərin davam etdirildiyi də vurğulanır.

Azərbaycanın əvvəlllər etdiyi etiraz və xəbərdarlıqlara baxmayaraq, informasiya bülletenində bəzi prinsipial yanlışlıqlara və təhriflərə də da yol verilib. Belə ki, Rusiyanın rəsmi dövlət strukturu olan Müdafiə Nazirliyi budəfəki mülletenində yenə “Dağlıq Qarabağ” ifadəsi ilə yanaşı, erməni toponimlərindən də istifadə edib. Rusiya sülhməramlı kontingentinin struktur bölməsi kimi aid olduğu Müdafiə Nazirliyi Azərbaycan dövləti adından imzalannmış qərar və sərəncamla rayon kimi ləğv edilmiş Ağdərənin adı ermənilərin qoyduğu qondama adla -Mardakert, Xocavənd isə Martuni kimi yazılıb.

Ordumuzun 19-20 sentyabr 2023-cü il tarixdə həyata keçirdiyi və cəmi 23 saat davam edən lokal xarakterli li antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunduğunu bildirən rəsmi Bakı “Dağlıq Qarabağ münaqişəsi”nin artıq həmişəlik bağlandığını bəyan edib. Rusiyanın Müdafiə Nazirliyi isə rəsmi bülletenində əvvəllər olduğu kimi yenə də Xocavənd əvəzinə Martuni, Ağdərə əvəzinə Mardakert ifadələrindən istifadə edilib. Rəsmi Bakı dəfələrlə Rusiya tərəfinə etiraz edib ki, bu informasiyalarda Azərbaycan toponimlərindən istifadə olunsun.

Xatırladaq ki, Ağdərə rayonu 8 avqust 1930-cu ildə yaradılıb. Sovet hakimiyyəti dövründə rayonun adı iki dəfə dəyişdirilib, 10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər isə Mardakert adlandırılıb. Dövlət müstəqilliyinin birinci ildönümü ərəfəsində - 13 oktyabr 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 327 saylı Qərarı ilə Ağdərə rayonu ləğv edilərək ərazisi Tərtər, Ağdam və Kəlbəcər rayonlarının inzibati ərazisinə daxil edilib. Erməni separatçılarının silahlı müharibəyə başladığı ilk dövrlərdə 14 mindən çox azərbaycanlının yaşadığı Ağdərə rayonu da Qarabağ bölgəsinin bir çox ərazilər kimi qanunsuz hərbi birləşmələrin nəzarəti altına keçib. 1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində rayon ərazisinin çox hissəsi erməni işğalçılarından azad edilsə də, Ağdərə şəhəri ətrafında və yüksəkliklərdə aramsız döyüşlər bir il davam edib. 1993-cü ilin 4 iyun Gəncə qiyamı ərəfəsində Qarabağ cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət Hüseynovun qoşunları geri çəkməsindən istifadə edən ermənilər Ağdərə şəhərini və bir çox kəndləri yenidən işğal etdi. 19 sentyabr 2023 cü ildə başlanan lokal xarakterli antiterror əməliyyatlarının nəticəsində Ağdərə erməni işğalçılarından tamamilə təmizlənib.

Xocavənd rayonu 1923-cü ilədək Aşağı Qaranlıq adlandırılıb. 1991-ci il noyabrın 26-da keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazasında yaradılıb. Rayonun ərazisi 1.46 min kvadrat/kilometr, əhalisinin sayı 44,1 min (01.01.2020) nəfərdir. Rayon 1 şəhəri (Xocavənd), 2 qəsəbəni (Hadrut və Qırmızı Bazar) və 81 kəndi özündə birləşdirir. 1992-ci il oktyabrın 2-də Ermənilər tərəfindən işğal olunan Xocavənd rayonunun şimal hissəsi (keçmiş Martuni rayonu) 44 günlük müharibədən sonra - 10 noyabr 2020-ci il tarixdə imzalanmış atəşkəs razılaşmasına əasasən müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilib. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Xocavənd rayonu bütünlüklə Azərbaycanın nəzarətinə qaytarılıb.

Elxan SALAHOV

Oxşar xəbərlər