Azərbaycan Ordusunun əsgəri Elxan Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsində mərdliklə iştirak edib. Cəbrayılın, Füzulinin, Xocavəndin, Şuşanın azadlığı uğrunda vuruşub. Döyüş yoldaşları ilə birgə düşmənə sarsıdıcı zərbələr endirib. Müharibənin sonuna qədər düşmənlə savaşan Elxan Hüseynli 2020-ci il noyabrın 8-də Şuşada döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz böyük izdiham və ehtiramla Beyləqan rayonunda, doğma kəndində torpağa tapşırılıb.
Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Elxan Hüseynli ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə”, "Cəbarayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Elxan pulemyotçu kimi döyüş yoluna Cəbrayıldan başlayıb, Şuşada qələbəmizə qədər Vətən uğrunda vuruşdu. Bu gün onunla qürur duyan doğmaları deyirlər ki, Elxan müharibəyə gedəndə sanki quş kimi qanad açıb uçurdu, heç əzizləri ilə əməlli-başlı görüşüb ayrılmağa vaxt da ayırmayıb.
Qeyd edək ki, Elxan 3 yaşından övladı olmayan əmisinin himayəsində böyümüşdü.
Elxan cəbhədən evə zəng edəndə həmişə deyirmiş ki, müharibədən qayıdanda işğaldan azad edilmiş torpaqlarımızda quruculuq işləri ilə məşğul olacam, Qarabağda çlışacam. Amma o, bu arzusuna çata bilmədi. Müharibənin düz son günündə Şuşada qəhrəmanlıqla şəhadət şərbətini içdi. Bununla da 21 yaşında Şanlı Zəfər tariximizə adını əbədi olaraq qızıl hərflərlə həkk elədi.
Bu gün Elxan kimi oğulların adı, amalı gəncliyimizə bir nümənədi.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Elxan balamız!
Mina RƏŞİD