Q.Musayev deyir ki, çox ağır günlər keçirdik, ermənilər hücum elədilər, güclə doğma torpağımızdan ayrıldıq. Kəlbəcərlilər Yevlaxdan 44 rayona səpələndilər. Amma biz Yevlaxda qaldıq. O vaxt Heydər Əliyevin Azərbaycana hakimiyyətə gəlişi ilə ölkədə yeni bir dövr başlandı. Heydər Əliyev Yevlaxa bizimlə görüşə gəldi. Dedi ki, Sizi bu vəziyyətdə qoymayacağıq. Artıq evlərin tikintisinə başlanıb.
Elə həmin gün də mən oğluma nişan aparırdım. Heydər Əliyev oğlumla görüşdü və dedi: “Kəlbəcər işğaldan azad olunacaq. Artıq biz orada sənin balalarınla görüşəcəyik”.
Sonra bu 4 otaqlı evin açarını mənə ölkə başçısı İlham Əliyev təqdim elədi və dedi ki, bu müvəqqəti bir ünvandı. Torpaqlarımız işğaldan azad olunandan sonra Kəlbəcərdə bundan da gözəl evlər tikəcəyik.
“O vaxt ağlaya-ağlaya gəlmişdim, indi gülə-gülə gedirəm Kəlbəcərə. Allah, sənə çox şükür edirəm ki, Ömər aşırıımına gəldim çıxdım. Əvvəllər düşünürdüm ki, ömür vəfa etməyəcək, bir də Kəlbəcəri görməyəcəm. İllərlə səndən ötrü çox ağladım, 30 il bu çayların suyu Murovun bu üzündə axdı, mənim gözümün yaşı da o üzündə. Yağışında islandığım, dolusunda döyüldüyüm uşaqlığımı, cavanlığımı bu dağlarda qoyub getmişdim, indi qayıdıram. Kəlbəcərin yazında, ömrümün qışında qayıdıram. 30 ildi onu yuxumda görürdüm. Ayılmaq istəmədiyim o yuxular bu gün çin çıxdı. Allah, sənə çox şükür, mən Kəlbəcərimə qovuşdum. Ağcakəndə sarı gedirik. Əvvəllər bu körpünü babalarımız ağacdan salmışdılar. Sonra mən düşündüm ki, bu körpünü dəyişim. Körpünün bütün materiallarını başqa yerlərdən gətirdım. İndi də bu körpünün üzərindən camaat keçir. Çay daşanda körpüdən keçmək olmurdu. Ona görə də, körpünün kənarında yaxşı cağlar düzəltdirmişdim. Mingəçevirdə bağlatdırıb gətirmişdim onları. Sonra ermənilər söküb aparıb.
Q.Musayev Vətən Müharibəsi şəhidinin şəklini öpdü və bayrağımıza ehtiramını bildirdi. “Qarşında baş əyirəm oğul, sənin o silah tutan əlindən öpürəm. “Azərbaycan bayrağı” ordenli oğul, sənin şəhidliyinə, o nurlu üzünə qurban olum”.
Sonra uçuq-sökük bir binanın önündə dayandı. Dedi ki, düz 50 il mən bu binada rəhbər vəzifədə işləmişəm. 5 kəndin hamısı bu kolxoza daxil idi. İki yerdə kabinetim vardı. Evləri elə dağıdıblar ki, tanıya bilmirəm.
“44 gündə bzim ordumuz düşmənin dizini yerə qoydu. Ermənilər daha bundan sonra özlərinə gəlməz”.
Q.Musayev deyir ki, bu binalar mənim rəhbərliyimlə, zəhmətimlə tikilib. Burada dükanlar, anbar var idi. Uçuq binaya şəhidlərin şəkilləri vurulub. “Görüşünüzə gəlmişəm, ay balalarım”, - deyə bir-bir Şəhid şəkillərini öpür.
Sonra o, ata-anasının qəbrini ziyarət elədi. “Ermənilər anamın başdaşını aparıblar, yoxdu. Bu gülləri əllərimlə əkmişəm. Ay ata, mənə çəkdiyin zəhməti halal elə, indi mən neyləyim, anamın qəbrinə bax”, - deyə ağladı...
“Gəldim çıxdım evimə, hanı mənim qonşularım?
Ay evim, sən mənim ürəyimsən. İndi mən hardan girim evə, yəni bura mənim evimdi görən? A burda keçirdiyim dövranlar, həyatlar...
Vətənə gəldim, imana gəldim”. Daşı, torpağı öpdü, Allah şəhidlərmizə rəhmət eləsin, qazilərimizə şəfa versin, söylədi.
Rəhmətlik qardaşım Kamranın bağıdı buralar. Qardaş, sənin də evini ziyarət edim, qoy, biz yenə Kəlbəcərə qayıdacağıq və yeni evlər tikəcəyik.
Arzum bu idi ki, gəlim evimizn qarşısında bax belə torpaqdan öpüm. Bundan sonra heç nə istəmirəm. Allah, 96 il mənə ömür vermisən, nə vaxt istəyirsən, al canımı. Bundan başqa arzum yox idi.
Hazırladı: Mina RƏŞİD