O, müharibəyə getməyə bilərdi: səhhətinə görə… Amma o, müharibəyə getməyə də bilməzdi: vətənpərvərliyinə görə... Ordudan doqquz il əvvəl mayor rütbəsində ehtiyata buraxılmışdı, necə deyərlər, mülki həyata qayıtmışdı. Bununla belə, evdə, ailədə hamıya demişdi ki, torpaqlarımızı işğaldan azad etmək üçün hər an yenidən hərbi xidmətə qayıtmağa hazırdır. Və bu istəyini gerçəkləşdirmək imkanı yarananda tərəddüdsüz öz qərarını verdi.
...Kamran Qılman oğlu Fərəcov 1978-ci il yanvarın 14-də Astara rayonunun Səncərədi kəndində anadan olmuşdu. Rayondakı 2 nömrəli orta məktəbi bitirmişdi. Hərbçi peşəsinə yiyələnmək uşaqlıq arzusu idi. Bu arzu ilə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində tankçı ixtisası üzrə təhsil almış, zabit kimi yetişmişdi. 1999-cu ildən Bakıdakı hərbi hissələrdən birində tağım komandiri kimi fəaliyyət göstərmiş, sonralar Ağdamda, Gəncədə, Goranboyda xidmətini davam etdirmişdi. 2011-ci ildə səhhəti ilə əlaqədar ehtiyata buraxılmışdı, amma hərbçi dostları ilə daim əlaqə saxlayırdı...
Orduya bir də 2020-ci ilin sentyabrında, könüllülərə hərbi təlim keçmək üçün qayıtdı. Həyat yoldaşı Nuranə xanım deyir ki, bu barədə müdafiə nazirinin əmrini alanda çox sevinmişdi. Müharibə başlasa, mütləq iştirak edəcəyini demişdi...
Ermənistanın işğalçı qüvvələrinə qarşı əks-hücum əməliyyatlarına tağım komandiri kimi başlayan mayor Kamran Fərəcov az sonra taborun qərargah rəisi təyin edilir. Vətən müharibəsində döyüş yolları ilə Füzulidən, Cəbrayıldan və Qubadlıdan keçən vətənpərvər zabit döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı daim öndə gedir. Döyüşçü dostlarını özünün cəsurluğu və qorxmazlığı ilə daim qələbəyə ruhlandırır. Kamranla birlikdə döyüş meydanında olmuş hərbçilər xatırlayırlar ki, komandir hər an "canavarlarım, bütün torpaqlarımızı azad edəcəyik, Qarabağı azad edəcəyik!” - deyirdi. Döyüş yoldaşı Cəmaləddin Məmmədov deyir ki, işğaldan azad edilən ərazilərdə ilk azanı Kamran verər, hətta ibadət vaxtı tanrıdan özünə şəhidlik arzulayardı. Tabeliyindəki əsgərlərə çox böyük qayğı göstəridi. Daim səngərdə əsgərləri ilə birlikdə idi, heç vaxt özünü fikirləşmir, ön cəhbəyə ərzaq gətiriləndə əsgərlərini tam təmin etməmiş, özü bir tikə belə götürməzdi...”
Qərargah rəisi kimi arxadan komanda vermək səlahiyyəti olsa da, düşmən gülləsinə elə əsgərlərinin yanında, ön xəttə olarkən tuş gəlib. Oktyabrın 21-də Qubadlıda şəhidlik zirvəsinə ucalıb.
Həyat yoldaşına cəbhədən zəng edəndə deyərmiş ki, şəhidlik hər kəsə nəsib olmayan bir zirvədir. Nuranə xanım deyir: “Ölümün də ən gözəlini seçdi, ona şəhidlik yaraşır, başqa cür bu həyatdan köçmək istəməzdi”.
Kamran çox ailəcanlı olub, ekiz qızlarına – Dənizə və Şəmsə ilahi bir sevgisi varmış. Həyatda hamı onu çox ciddi və qətiyyətli bir insan kimi tanısa da, evdə qızlarına layla əvəzinə oxuduğu bir mahnının sözlərini dəyişib belə deyərmiş: “Şirin yuxu olaydım, gözlərinə dolaydım, Dənizimlə Şəmsimə özüm qurban olaydım...” Mayor Kamran Fərəcov şərəfli bir ömür yaşadı və qızları daim onunla fəxr edəcəklər.
İgid komandir ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Daim ehtiramla ziyarət edilən məzarı doğma Səncərədi kəndindədir.
Allah rəhmət eləsin.