Bu gün qəhrəman şəhidimiz Elşad Elman oğlu Zeynallının doğum günüdür. O, 1996-cı il oktyabrın 22-də Lənkəran rayonunda dünyaya gəlib. Doğma rayonda orta məktəbi bitirib və hərbi xidmətə yollanıb. Hərbi xidmətini şərəflə başa vuran Elşad Zeynallı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü olaraq qatılıb.
Elşad Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdiklə vuruşub və şücaətlər göstərib. Elə həmin döyüşlərdə də qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elşad Zeynallı ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Bacısı deyir ki, qardaşımın döyüş yoldaşı bizə Elşadın şərfini gətirdi. Dedi ki, son döyüşlər zamanı bərk yağış yağmışdı. Elşad şərfini çıxarıb mənə verdi ki, sənə soyuq olmasın. Həmin vaxtlarda şiddətli döyüşlər başladı. Elşad özünü irəli atdı və elə o anlarda qəhrəmanlıqla şəhadətə ucaldı. İndi həmin şərfdən qardaşının qoxusunu alan bacısı bir həqiqəti də söyləməyi unutmadı. Elşad döyüş yoldaşları arasında “cəngavər” adını almışdı. Belə ki, yaralı döyüşçünü heç kəsin cəsarət etmədiyi odun-alovun içindən böyük bir cəsarətlə o çıxarıb xilas eləmişdi...
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, nurüzlü qəhrəman şəhidim!
Mina RƏŞİD