Bu gün Vətən Müharibsinin qəhrəman şəhidi, xüsusi təyinatlı əsgər Aqil Mehman oğlu Mirzəliyevin doğum günüdür. O, 1999-cu il avqust ayının 27-də İsmayıllı rayonunda anadan olub. 2005-2016-cı illərdə İsmayıllı rayonunda İsrail Həsənov adına 1 saylı tam orta məktəbdə təhsil alıb. Məktəb illərində intellektual səviyyəsi ilə daim seçilən Aqil dəfələrlə respublika fənn olimpiadalarında, bilik və intellektual yarışlarda çempion olub. 2016-cı ildə orta məktəbi əla qiymətlərlə başa vuran Aqil qəbul imtahanında 613 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olunub. 2020-ci ildə universitetdən məzun olub, daha sonra isə hərbi xidmətə yollanmışdı...
Azərbaycan Ordusunun əsgəri olan Aqil Mirzəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə mərdliklə vuruşaraq şücaətlər göstərib.
Aqil Mirzəliyev 20 oktaybr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb və oktyabr ayının 23-də böyük izdihamla Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Aqil Mirzəliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad oluunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medallarına layiq görülüb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Aqil balamız!
Mina RƏŞİD