18.06.2025, 13:06
AZ EN
23.10.2024, 09:26 350

Bu gün şəhid, baş gizir Yasən Əhmədovun anım günüdür

XƏBƏRLƏR
  • Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi, baş gizir Yasən Yelmar oğlu Əhmədovun anım günüdür. O, 1974-cü il sentyabrın 16-da Ağdam rayonunun Kosalar kəndində anadan olub. 1981-1991-ci illərdə Eyvazxanlı kənd tam orta məktəbində təhsil alıb.

Yasən Əhmədov 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı atası Yelmar Əhmədovun xidmətdə olduğu Ağdam rayonunun "N" saylı hərbi hissəsinin özünümüdafiə batalyonunda xidmətə başlayıb. 1993-cü ildə Ağdam Həbi Komisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 1994-cü ildə Müdafiə Nazirliyinin əmrinə əsasən "baş çavuş" hərbi rütbəsi alaraq Motoatıcı Bölüyün Komandiri vəzifəsinə təyin olunub. 1993-2002-ci illərdə "N" saylı hərbi hissədə müxtəlif vəzifələrdə xidmət edən Yasən Əhmədov, 2002-ci ildə ehtiyata buraxılıb.

2004-2006-cı illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı CM-də təsərrüfat işləri üzrə rəis müavini vəzifəsində olan Yasən Əhmədov, 2006-cı ildə yenidən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb və təyinata əsasən Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib. 2017-ci ildən Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.

Azərbaycan Ordusunun baş giziri olan Yasən Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yasən Əhmədov oktyabrın 9-da Talış döyüşləri zamanı ağır yaralanıb və Hərbi Hospitala aparılıb. 14 gün Koma vəziyyətində qaldıqdan sonra oktyabrın 23-də şəhadətə ucalıb. Şəhidimiz böyük izdihamla Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Yasən Əhmədov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Şəhidimizin həyat yoldaşı deyir ki, Yasən Əhmədov 25 il şərəflə Azərbaycan Ordusunda xidmət edib. Azərbaycanda çox az adam olar ki, onu tanımasın. Öz etibarı, sədaqəti, hərbi savadı və peşəkarlığı ilə hərbçilər arasında xüsusi hörmət sahibi idi. Ləqəbi "Hərbinin arxivi" idi. Bütün bunlarla yanaşı, Yasən vətənpərvərliyi ilə də hər kəsə örnək olacaq biri idi. Çox təəssüf ki, torpaqlarımızın işğaldan azad olunduğunu bilmədən şəhid oldu. Halbuki buna ən çox haqqı olanlardan biri idi. Çünki 1992-ci ildən bəri azadlığı görmək ümidi ilə yaşayırdı. O, bu vətənpərvərliyini ailəsinə, övladlarına da aşılamışdı. Onun tanınmasını, unudulmamasını istəyirik. Cəmiyyətimizin belə insanları tanımasına ehtiyac böyükdür.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda Yasən Əhmədova məxsus şəxsi materiallar (müharibə zamanı istifadə etdiyi hərbi zirehli gödəkçə və 9 ədəd fotoşəkili, şəhid polkovnik-leytenant Raquf Orucovla və hərbi xidməti dövründə hərbçi yoldaşları ilə çəkilmiş fotoları) mühafizə olunur.

Şəhidimizin iki oğul övladı Vətənə yadigar qalıb.

Ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər