Eldar Seyidov, Xüsusi Nümayəndəliyin Baş Məsləhətçisi:
-lkin mərhələdə 18, 47 km uzunluğunda yol inşa olunur. Prospektlər 4 zolaqlı, küçə və yollar isə 2 zolaqlı olacaq. Şəhərdaxili yollarda piyadaların rahat hərəkətini təmin etmıək üçün piyada yolları, yaşıllıq zolaqları, velosiped yolları, ictimai nəqliyyatı təmin etmək üçün xüsusi hərəkət zolaqları mövcud olacaq.
Kommunikasiya xətləri paralel olaraq yolla eyni vaxtda tikilir. Yolun hər iki tərəfi ilə kanalizasiya və yağış sularının ötürülmə boruları çəkilir ki, onlar asvalt örtüyünün altında qalacaq. Eyni zamanda yolun hər iki tərəfi ilə çəkilən rabitə, elektrik, qaz və su xətləri isə yolun kənarlarındakı piyada səkilərinin altı ilə aparılacaq.
Əhalinin ilk köçünə kimi daxili yol küçə şəbəkəsinin 2200 metrlik hissəsi hazır olacaq. Bu da sakinlərin məskunlaşdığı binalar, məktəbin və lazım olan digər obyektlərin ərazisini əhatə edəcək.
Elnur Şirinov, Baş topoqraf:
-Tikintisi davam etdirilən şəhərdaxili yollar mövcud Zəfər yolu ilə bir neçə yerdə kəsişir. Bunun üçün kommunikasiya xətlərindən Zəfər yolunun altından keçən hissələrində mikrotunellər qazılır. Daxili yolların hər iki tərəfində işıqlandırma dirəkləri qoyulacaq. İlk köç başlayana qədər daxili yolların və kommunikasiyaların 2,2 kilometrlik hissəsi tam hazır olacaq.
Qeyd edək ki, Füzuli şəhərinə ilk mərhələdə 267 ailənin köçü planlaşdırılır. Hazırda şəhərin mərkəzində 38 çoxmərtəbəli bina tikilir ki, qayıdışa qədər onların bir hissəsi tam hazır olacaq. Bundan əlavə, 960 şagird yerlik orta məktəb də istifadəyə veriləcək.
Hazırladı: Tahirə AĞAMİRZƏ