22.09.2024, 00:36
AZ EN
16.05.2022, 14:10 412

Peşələr Festivalı başlayıb

XƏBƏRLƏR
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə keçirilən Peşələr Festivalı başlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, festivala Şamaxı rayonunda start verilib.

Festivalda Agentliyin idarə heyətinin sədri Mustafa Abbasbəyli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak ediblər.

Tədbirin açılışı zamanı ölkəmizdə insan kapitalının inkişaf etdirilməsinin Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən olduğu, Peşələr Festivalının da bu hədəfə xidmət etdiyi vurğulanıb. Yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib.

Bildirilib ki, ölkənin 10 rayon və şəhərində “Öyrən, əylən, peşəni seç” devizi, müxtəlif peşələr üzrə ekspertlərin iştirakı ilə keçiriləcək festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənəcəklər.

Onlar peşə sahələri üzrə inkişaf etməyin yolları, gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağı barədə məlumatlar, peşələrlə əyani şəkildə tanış olmaq imkanı əldə edəcəklər.

Sonra qonaqlar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.

Layihə çərçivəsində aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner, kompüter proqram təminatı, barista, turizm agenti, elektron cihazların təmiri peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vorkşoplar keçirilir.

Növbəti festival mayın 17-də Sumqayıt şəhərində, “Sülh göyərçini” abidəsinin yanında keçiriləcək. Festivalda iştirak ödənişsizdir.

Öyrən, əylən, peşəni seç!

Ətraflı məlumat üçün: https://peshelerfestivali.az

(AZƏRTAC)

Oxşar xəbərlər