Tahir oktyabrın 26-da Tərtər-Ağdərə bölgəsində gedən qanlı döyüşlərdə qəhrəmanlıqla şəhadətə ucalıb.
Şəhidimiz doğma kəndlərində böyük bir izdihamla dəfn edilib. Qəhrəman əsgər ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Anası deyir ki, ürəyim parçalansa da, üzüm ağdır, Tahir başımızı uca etdi, Vətən uğrunda Şəhid oldu. Anaya, Vətənə bağlı uşaq idi. Məni çox istəyirdi. Telefonla danışanda heç vaxt hərbi sirri verməzdi. Ancaq deyirdi ki, ana özündən muğayat ol. Tezliklə görüşəcəyik. Oktyabr ayında məzuniyyətə gələcəyəm. Amma şəhid olub gəldi. Sonuncu dəfə oktyabrın 5-də telefonla danışdıq. Əsgərlərlə birgə yüksək əhval-ruhiyyədə idilər. Yanındakı əsgərlərlə də danışdım. Müharibə barədə qardaşları ilə danışırdı. Amma tapşırırdı ki, anaya heç nə deməyin. Şəhid olması xəbərini, komandiri böyük qardaşına zəng edib demişdi. Bildirib ki, Tahir şəhid olub, amma onu düşmənin atəşi altından hələ ki, götürmək mümkün deyil. Səkkiz gündən sonra oğlumun nəşini ərazidən götürə bildilər. Tahiri noyabrın 7-də dəfn etdik. Şəhid analarına demək istəyirəm ki, başınızı dik tutun. Onlar Vətən uğrunda döyüşərək, şəhid oldular.
Şəhidin bacısı deyir: “Qardaşım hərbi xidmətə gedəndə dedi ki, Qarabağı biz alıb gələcəyik”.
Tahirin uşaqlıqdan idmana həvəsi olub. Oxuduğu məktəbin futbol komandasında çıxış edirdi.
Sinif yoldaşı Əkbər Əsədov söyləyir ki, biz Tahirlə 2008-ci ildə bir yerdə birinci sinfə getmişik. Tahirlə xatirələrimiz çoxdur. Hərbi sahədə çalışmaq onun böyük arzusu idi. İşə düzəldikdən sonra ailə qurmaq, evini tikmək istəyirdi. Evinin yeri də hazır idi. Kənddə yaşayacağam deyirdi. Əsgərliyə getməmişdən əvvəl bütün dostları yığıldıq. Səhər yola salanda dedi ki, Qarabağı azad edib qayıdacağam.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Tahir balamız!
Mina RƏŞİD