15.05.2025, 11:04
AZ EN
09.05.2023, 13:21 310

Xəyal mərd oğul idi...

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsi qəhrəmanlarından olan şəhid, əsgər Xəyal Hüseyn oğlu Əhmədovun doğum günüdür. O, 1994-cü il may 9-da Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. Yaşadığı qəsəbədə orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. Daşkəsən rayonundakı "N" saylı hərbi hissədə xidmət edib.

Xəyal Əhmədov 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda döyüşlərə qatılıb. Cəbrayılın və Qubadlının azadlığı uğrunda mərdliklə vuruşub.

Noyabrın 4-də Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 

Şəhidimiz doğma Neftçala rayonunda böyük izdiham və el məhəbbəti ilə torpağa tapşırılıb.
Xəyal Əhmədov Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Doğmaları, müəllimləri onun uşaqlıqdan Vətənə bağlı övlad olduğunu deyirlər. Xəyalın bir bacısı və bir qardaşı vardı. Qardaşı 7 yaşında Kürdə boğulub. Yəqin elə buna görə müharibəyə yollananda yeganə bacısını bərk-bərk qucaqlayıb, deyib bəlkə geri dönmədim...  

Xalası deyir ki, Xəyal özü müharibəyə can atırdı. Çünki torpaqlarımızın işğalı ilə barışa bilmirdi.

Xəyalın ağsaçlı müəllimi isə şagirdinin dili ilə Xalq şairi Məmməd Arazın bu misralarını söylədi:

Vətən mənə oğul desə nə dərdim

Mamır olub qayasında bitərdim.

Başqa bir müəllimi isə deyir ki, Xəyal uşaqlıqdan dözümlü olmağa can atırdı. Deyirdi ki, mən əsgər olacam!

İndi nəinki doğmaları, bütün el-oba, cümlə Azərbaycan onunla qürur duyur.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər