Aprelin 28-i Əməkdar elm xadimi, görkəmli dilçi-alim, türkoloq Zərifə Budaqovanın doğum günüdür.
Zərifə Budaqova 1929-cu ildə İrəvanın Dəmirbulaq məhəlləsində sadə azərbaycanlı ailəsində anadan olub. O, 1946-cı ildə İrəvan Pedaqoji Məktəbini bitirərək həmin ildə İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin Filologiya fakültəsinə daxil olub. Lakin 1948-ci ildə Ermənistandan deportasiya olunan Zərifə xanım təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda davam etdirib. O, 1949-1953-cü illərdə Moskvada SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun türk dilləri sektorunun aspiranturasında təhsil alıb, 1953-cü ildə “Müasir Azərbaycan dilində tərz kateqoriyası” mövzusunda namizədlik dissertasiyası, 1963-cü ildə “Azərbaycan ədəbi dilində sadə cümlə” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, Azərbaycan dilçilik elmində ilk qadın alim kimi elmlər doktoru elmi dərəcəsini alıb.
Alim 1955-ci ildə Dilçilik İnstitutunda Müasir Azərbaycan dilçiliyi şöbəsinin müdiri təyin edilib və ömrünün sonunadək həmin şöbəyə rəhbərlik edib. 1980-ci ildə Zərifə xanım Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1987-ci ildə Dilçilik İnstitutunun direktoru seçilib. Onun “Azərbaycan dilinin sintaksisi”, “Azərbaycan dilinin morfologiyası”, “Müasir Azərbaycan dilində söz birləşmələri”, “Müasir Azərbaycan bədii dilinin üslubiyyatı”, “Azərbaycan dilinin orfoqrafiya qaydaları”, “Azərbaycan dilinin durğu işarələri”, “Müasir Azərbaycan ədəbi dilində sadə cümlə”, rus dilində yazılmış “Azərbaycan dilinin qrammatikası” (fonetika, morfologiya, sintaksis) kitabları mənbə, məxəz rolu oynayıb və dilçilərimizin stolüstü kitablarından sayılır.
Professor Zərifə Budaqovanın Azərbaycan elmi və mədəniyyəti sahəsində xidmətləri yalnız onun monoqrafiya və kitabları, elmi irsi ilə ölçülmür. Onun ən böyük xidmətlərindən biri də dərin bilikli elmi kadrlar yetişdirməsidir. Zərifə Budaqovanın rəhbərliyi ilə 25 nəfər filologiya üzrə fəlsəfə doktoru, 10 nəfər isə doktorluq dissertasiyaları müdafiə edib. Alimin ölməz elmi irsi bu gün də sağlığında olduğu kimi öyrənilir, təhlil edilir.
Zərifə Budaqova 1989-cu il noyabrın 7-də Bakı şəhərində vəfat edib. (AZƏRTAC)