22.11.2024, 18:17
AZ EN
28.04.2023, 10:20 277

Bu gün akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi qeyd olunur

XƏBƏRLƏR
  • Bu gün oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyidir. Akademik Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində dünyaya gəlib. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə institutu bitirib.

1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb, 1950-ci ildə isə aspiranturaya daxil olub, praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da davam etdirib.

1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verib. 1977-ci ildə Z.Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilib.

Doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilib, 1983-cü ildə isə həmin kafedranın müdiri olur.

Alimin bir sıra elmi işləri görmə orqanında bədxassəli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunub.

Xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Elmlər Akademiyasının akademiki seçilib.

Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.

Yüksək elmi nailiyyətlərinə görə 1980-ci ildə Zərifə xanıma Azərbaycanın Əməkdar Elm xadimi adı verilib. 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M. İ. Averbax adına mükafatına layiq görülüb.

Z.Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.

Onun işıqlı xatirəsi həmişə qəlbimizdə yaşayacaq!

Mina RƏŞİD

Oxşar xəbərlər