22.11.2024, 18:40
AZ EN
27.04.2023, 15:17 150

Ombudsman Ermənistanda etnik nifrət siyasətinin təbliğ olunması ilə əlaqədar etiraz bəyanatı yayıb

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanda etnik nifrət siyasətinin təbliğ olunması ilə əlaqədar etiraz bəyanatı yayıb.

Ombudsman Aparatından verilən xəbərə görə, bəyanatda deyilir:

"25 aprel 2023-cü il tarixində Ermənistanda nifrət və terror siyasətinin dövlət səviyyəsində dəstəklənməsini təsdiqləyən növbəti hal baş verib. XX əsrin əvvəllərində ermənilər tərəfindən hazırlanaraq icra edilmiş, qisas mənası daşıyan “Nemezis” termini ilə adlandırılan terror əməliyyatının “qəhrəmanlarının şərəfinə” Ermənistanın paytaxtında dövlət rəsmilərinin iştirakı ilə təntənəli surətdə abidə açılması bunun aşkar sübutu oldu.

Azərbaycan və türk diplomatlarının, dövlət xadimlərinin amansız qətlini təşkil etmiş həmin gizli terror əməliyyatının təşkilatçıları və icraçılarının adlarının bu formada əbədiləşdirilməsi Ermənistanda terrorun dövlət siyasətinə çevrildiyini bir daha göstərmiş oldu.
Məlumdur ki, beynəlxalq səviyyədə hüquqpozma hallarının təkrarlanmasının qarşısının alınması və etimadın bərpası məqsədilə dövlətlər tərəfindən keçmiş yanlışların etiraf edilməsi təcrübəsi geniş təbliğ olunur. Ermənistan tərəfi isə bunun əksinə olaraq, barışığın əldə edilməsinə zidd addımlar ataraq, bölgədə gərginliyi artırmağa davam edir. Eləcə də ümumtanınmış normalara əsasən, törədilən əməllərin cinayət olmasına ədalət mühakiməsi yolu ilə qərar verilməli, təqsirkarlar müəyyən edildikdə isə qanun çərçivəsində cəzalandırılmalıdır, lakin Ermənistanda terror əməliyyatı ilə əlaqədar abidə ucaldılması insanların hər hansı əsas olmadan terror qurbanına çevrilməsinin təbliğatına xidmət edir.

Xatırladaq ki, bundan öncə də Ermənistanda nasizm tərəfdarı olmuş, erməni irqinin üstünlüyü və türk etnik mənsubiyyətinə nifrət ideologiyasının banisi Qaregin Njdenin xatirəsinə ehtiram olaraq abidə ucaldılmış, tərəfimizdən bu hala da etiraz bildirilmişdir.
Təəssüf ki, Ermənistanda uzun illərdir həyata keçirilən dövlət səviyyəli etnik nifrət təbliğatının ağır nəticələri özünü son günlər daha aşkar göstərir: əsir götürülmüş azərbaycanlı əsgərə qarşı qeyri-insani rəftar göstərilməsi və bu halın sosial şəbəkələrdə açıq şəkildə yayımlanması, ağırlıqqaldırma üzrə Avropa çempionatının açılışında Azərbaycan Dövlət Bayrağına qarşı təxribat, İrəvanda keçirilmiş aksiyada Azərbaycan və Türkiyə bayraqlarının birgə yandırılması, İrəvanda Ermənistan-Türkiyə futbol yığmalarının qarşılaşmasında erməni azarkeşlərin yuxarıda adıçəkilən “Nemezis” terror əməliyyatını təbliğ edən şüarlar qaldırması və s.

Bütün bunlar Ermənistanın hakim dairələrinin sülh qurucuğunda deyil, sülhün pozulmasında daha çox maraqlı olmasını göstərir.

Onilliklərdir Azərbaycana qarşı nifrət cinayətlərini davam etdirən Ermənistan, eyni zamanda, Azərbaycan ərazilərində basdırdığı minaların dəqiq xəritələrini ölkəmizə verməkdən yayınmaqla 10 noyabr 2020-ci il tarixindən bugünədək 300-ə yaxın insanın mina terrorunun qurbanına çevrilməsinə səbəb olmuşdur. Ötən gün vətəndaş cəmiyyəti nümayəndəsi olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsünün Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşməsi nəticəsində ayağının amputasiya olunması da növbəti belə fakt oldu.

İnsanların yaşamaq və sağlamlığın qorunması hüquqlarına etinasız yanaşmanın əyani göstəricisi olan bu kimi hallara qarşı dünya ictimaiyyəti tərəfindən qəti münasibət bildirilməməsi, bununla da Azərbaycana qarşı çoxsaylı terror əməlləri törətmiş Ermənistanın beynəlxalq hüquqa zidd olan növbəti təxribatlar törətmək üçün ruhlanması bizdə ciddi narahatlıq doğurur.

Azərbaycan Ombudsmanı olaraq, bir daha beynəlxalq ictimaiyyətə müraciət edir, insan hüquqlarının təmini kimi ali məqsədi rəhbər tutaraq Ermənistanın bölgədə və ümumilikdə beynəlxalq miqyasda mənfi təcrübə yaranmasına səbəb olan, cəzasızlıqla müşayiət olunan nifrət motivli əməllərinə münasibətdə sərt mövqe sərgiləməyə çağırıram".

Oxşar xəbərlər