Təhsil İdarəsindən bildirilib ki, layihə çərçivəsində məktəblərdə “Xalqımızın milli-mənəvi dəyərlər sistemində ailənin rolu”, “Mənəvi dəyərlərə söykənən münasibətlər mədəniyyəti” və “Türk tarixinə səyahət” mövzularında tədbirlərin təşkili nəzərdə tutulur.
Bununla yanaşı, “Dəyərlərimizi qoruyaq!” adlı ədəbi-bədii kompozisiyalar, konsert proqramları, “Açıq dərs”lər, sinif təşkilat saatları, dəyirmi masalar, diskussiyalar, intellektual müsabiqə və yarışlar, sosial aksiyalar, Novruz tədbirləri, məktəblilərin əl işlərindən ibarət sərgilər təşkil olunacaq. Xalqımızın adət-ənənələrini əks etdirən kinofilmlərin nümayişi, mənəvi dəyərlərə həsr olunmuş guşə və divar qəzetlərinin hazırlanması da planlaşdırılır.
“Qardaşlaşmış məktəblər” təşəbbüsünə və OCEP proqramına qoşulmuş təhsil müəssisələrində, eləcə də UNESCO Assosiativ Məktəblər Şəbəkəsi (ASPnet) üzvü olan məktəblərdə “Dəyərlərimizi qoruyaq!”, məktəb kitabxanalarında “Dəyərlərimiz bədii ədəbiyyatda” adlı tədbirlər keçiriləcək. Həmçinin “Mətbəx mədəniyyətimiz” adlı kulinariya günləri və “Milli musiqimiz xalqımızın milli dəyəridir” mövzusunda musiqi günləri təşkil ediləcək.
Layihə çərçivəsində istedadlı şagirdlər tərəfindən milli və mənəvi dəyərlərin qorunmasına dair müxtəlif dillərdə materialların hazırlanaraq internet resurslarında yerləşdirilməsi, mənəvi dəyərləri əks etdirən bədii əsərlər əsasında tamaşaların nümayişi də nəzərdə tutulur.
Bundan əlavə, “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Dəyərlərimizi qoruyaq: keçmişdən gələcəyə Türk ocağı” adlı tamaşanın səhnələşdirilməsi və “Tarixin səsi” adlı podkastın yayımı planlaşdırılır.
Qeyd edək ki, layihənin əsas məqsədi milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsi, təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə olunması, türk xalqlarının qədim tarixinin öyrənilməsi və şagirdlərdə yaradıcı düşüncə bacarıqlarının inkişaf etdirilməsidir. (AZƏRTAC)