29.04.2025, 16:19
AZ EN
29.04.2025, 09:46 313

Azər müharibəyə gülə-gülə getdi...

XƏBƏRLƏR
  • Azərin anası deyir ki, mən əvvəl düşünürdüm ki, şəhidlərin anaları övlad itkisinə necə dözürlər... İndi görürəm ki, mən də ağlayıram, bəzən dözə bilmirəm. Amma bir yandan da, övladımla qürur duyuram ki, o Vətən uğrunda şəhid olub və nə yaxşı belə bir oğulun anasıyam. Azərin atası nəinki öz övladı ilə, həm də, Vətən uğrunda canını fəda edən bütün şəhidlərimizlə qürur duyur. Doğmaları, qonşuları bildirirlər ki, Azər müharibəyə gülə-gülə getdi...

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Azər Vəfadar oğlu Salmanovun doğum günüdür. O, 29 aprel 1991-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində anadan olub. Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbində natamam orta təhsil alıb. Azər Salmanov 2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmətini başa vurduqdan sonra sürücü işləyirdi.
2020-ci ildə  Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhadətə ucalmasından sonra səfərbərliyə Azər Salmanov da qoşulub.

Azərbaycan Ordusunun əsgəri olan Azər Salmanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Cəbrayılın, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

Azər Salmanov 28 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində, 1600 metr hündürlükdə olan zirvələrin birində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz Abşeron rayonunda böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Azər Salmanov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər