17.01.2026, 21:59
AZ EN
12.01.2026, 09:52 220

Bu gün şəhid matros Davud Qiyaslının doğum günüdür

XƏBƏRLƏR
  • Davud dərslərini yaxşı oxuyurdu, məsuliyyəti, intizamlı gənc idi. Məktəbin ictimai həyatında fəal iştirakı onu  müəllim və şagirdlərin sevimlisi etmişdi. Anası Müşviqə xanım və doğmaları onun ordumuza, bayrağımıza, Vətən torpağına böyük sevgisindən, döyüş bacarığından, mənəvi, fiziki cəhətdən güclü, iradəli olmasından danışırlar. Onlar Davudun yoxluğuna hələ də alışa bilmirlər...

Bu gün qəhrəman şəhidimiz Davud Telman oğlu Qiyaslının doğum günüdür. O, 12 yanvar 2003-cü ildə Cəlilabad rayonunun Ağusəm kəndində anadan olub. Davud Qiyaslı orta təhsilini Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbində alıb. O, Hərbi Dəniz Qüvvələrində həqiqi hərbi xidmət keçirdi. Daim döyüş bacarıqlarını artırır, təlimlərdə yüksək göstəricilərə nail olurdu. Hazırlıqlı, vətənpərvər matros Davud Qiyaslı komandirlərinin, əsgər yoldaşlarının dərin rəğbətini qazanmışdı.

Matros Davud Qiyaslı 2023-cü ilin 19-20 sentyabr tarixində Qarabağda qanunsuz erməni silahlı dəstələrinə və separatçı qüvvələrə qarşı ordumuzun keçirdiyi antiterror tədbirləri zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsində şəxsi şücaət nümunələri göstərib.

Ağdərə rayonunun Xanabad kəndi uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz 2023-cü il sentyabrın 22-də doğulduğu Cəlilabad rayonunun Ağusəm kənd qəbiristanlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən matros Qiyaslı Davud Telman oğlu ölümündən sonra  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda”medalı ilə təltif olunub.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər