18.10.2024, 22:25
AZ EN
26.04.2023, 10:30 325

Qubadlı ərazisində olan Türk əsgərlərinin qəbirləri

XƏBƏRLƏR
  • "Əməkdar müəllim", bir çox kitab və dərsliklər müəllifi Çingiz Salmanov "Osmanlıda doğulub, Qubadlıda uyuyanlar" kitabında məzarları Qubadlı torpağında olan Türk əsgərləri haqqında müfəssəl məlumat verir: "Azərbaycanın istiqlalı və istiqbalı uğrunda canından keçən neçə türk döyüşçüsünün sönməz xatirəsini unudulmaz xidmətlərini tam şəkildə ifadə etmək çətindir. Bu qanlı müharibəyə qatılan mehmetciklər üçün onların həyatlarından əziz olan dəyərləri imdadına yetişmək, dil və din qardaşlarının çağırışına səs vermək Türklüyün varlığını qorumaq idi. Bu müqəddəs amal uğrunda neçə-neçə insanların haqqın müqəddəsliyinə qovuşduğunu dəqiq demək çətindi. Ancaq onlar çoxdurlar.

Onu qeyd edək ki, təkcə 5-ci firqə 1200-dən çox şəhid vermişdir. Azərbaycan qüvvələrindən şəhid olanlar daha çoxdur. Bu qanlar Azərbaycanın istiqlalı üçün axıdılmışdır. O, tökülən qanlar torpaqda bitən çiçəklərin də, güllərin də rəngini və qoxusunu dəyişmişdir. Bu qan haqq yolunda axıdılmışdır. Azərbaycan xalqı onun torpaqları uğrunda, onun qurtuluşu yolunda canlarından keçən mehmetciklərinin uyuduğu məzarlıqları minnətdarlıqla anırlar. Müqəddəsliyə qovuşan bu insanların məzarları, ziyarətgahlara and yerlərinə çevrilmişdir. Düşünmürəm ki, Qubadlı elində elə bir əsgər qəbri olmaz ki, o yad edilməsin, ziyarətgahına minnətdarlıq anılmasın".

Müəllif qeyd edir ki, sovet dövründə Azərbaycan Türk və türkçülük sözü yasağa çevrilmişdi. Hətta Bakı şəhərində türk şəhidlərinə ayrılmış ərazi yerlə yeksan olundu. Yerində S.M. Kirova abidə qoyuldu. Hər kəsdə yaddaşlardan, zehinlərdən silinməsi üçün böyük cəhdlər göstərilirdi: "Zəngəzur mahalı Qubadlı rayonunun Yuxarı Cibikli kəndində "Qanlı gǝdik" adlanan ərazidə 3 türk qəbri var. Kənarları qara daşla hörülmüşdür.

Qubadlının Yusifbəyli kəndi Məcid yurdu deyilən ərazidə türk qəbri var. Quşçu düzü deyilən ərazi, Qubadlının Cılfir kəndi İmamzadənin yaxınlığında bir neçə türk qəbri var. Həmişə ziyarət olunmuşdur.

Türçülüklə bağlı suçlananlar həbsxanalara atıldılar, sürgün edildilər. Bu işlərin başında bolşevik donuna girmiş daşnaklar idilər. Ancaq canı bir, qanı bir olan türk qardaşlarımızın xatirəsini xalqın qəlbindən silə bilmədilər.

Qubadlı rayonunun Göyyal kəndində "Türk qəbri" insanlar tərəfindən həmişə ziyarət olunmuş, hər an anılmış, hər vaxt səliqə-səhmanlı saxlanılmışdır. Həmişə məktəb müəllimləri şagirdlərinə onunla bağlı məlumatlar vermişlər. Qubadlının Dondarlı kəndində olan türk qəbri əhali tərəfindən həmişə ziyarət olunmuş, əbədiləşdirilmişdir.

Qubadlının Aşağı Mollu kəndində Osmanlı qəbiristanlığı 1918-ci il tarixli qəbir daşlarında Qədir, İsmayıl, Osman, Tahir adları yazılmışdır. Yerli əhali tərəfindən həmişə ziyarət olunmuşdur. Onların hər birinə dəbə uyğun qəbir daşları düzəldilmişdir.

Bu qəbiristanlıqda türk əsgərlərinin qəbirləri çoxluq təşkil edir.

Xələc kəndində Qədir Əfəndi Gorus istiqamətində olan döyüşlərdə yaralanmış, yaralı halda kəndə qaytarılmış, bir neçə gündən sonra dünyasını dəyişmişdir. Qəbri Xələc qəbirstanlığındadır. Hər vaxt kənd camaatı tərəfindən ziyarət edilmişdir. Qəbri ədəbiləşdirilmişdir. Qubadlının Əyin kəndində Ocaq zəmi adlanan ərazidə iki türk əsgəri şəhid olub. O ərazi ziyarətgah hesab olunurdu.

Qubadlının Abdalanlı kəndi türk qəbri Qara Bəkir Paşanın əsgərlərindən biri şəhid olmuş və həmin təpədə dəfn olunmuşdur. Həmişə camaat tərəfindən ziyarət edilmişdir. Qəbrin kənarları qara daşla hasara alınmışdır. Qubadlının Əfəndilər kəndində türk qəbri həmişə qorunmuş və ziyarət olunmuşdur. Xalqıverdi bağı deyilən ərazidədir.

Məzrə düzündə türk qəbri kimliyi haqqında məlumat yoxdur. Qəbrin kənarları daşla hörülmüşdür. Naməlum türk əsgərinin qəbri Çayzəmi korpüsündən günbatan istiqamətə 300 m meşənin ətəyində 23 qəbir var. Osmanlı qəbiristanlığı adlanır. Qubadlının Zilanlı kəndinin çıxacağında Zəngilanla sərhəddə tək bir qədim məscid qalmışdı. Onun çaya baxan hissəsində 3 türk qəbri var. Qubadlının Mahmudlu kəndində köhnə qəbiristanlıqda 4 türk əsgərinin qəbri hər vaxt ziyarət olunmuşdur. Şəhid qəbirləri adlandırırlar".

Müəllif sonra vurğulayır ki, sovet höküməti dövründə kəndlərimizin bir çoxunda əbədi sakinlərə çevrilmiş xilaskar türk əsgərlərinin qəbirləri ziyalılar, ağsaqqallar tərəfindən əbədiləşdirilirdi. Mane olan qüvvələr də var idi. İnsanlara türkçü damğası vurulurdu. Bu səbəbdən də qəbirlər çox böyük sıxıntılar, çətinliklər bahasına qorunub saxlanılmış, ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur. Elə bu dediklərimiz kəndlərimizin qorunub saxlanılması zamanı şəhid olmuş türk əsgərlərinin səmada dolaşan şəhid ruhuna hörmət və ehtiramın ən parlaq nümunəsidir:  "Qubadlının Göyyal-Fərcan kəndlərində yaşayan ağsaqqalların dediklərini qeyd edirəm. Qəbir hər vaxt ziyarət olunub təmiz saxlanılıb. Kəndin ağsaqqalı olan din xadimi İsmayıl babanın daima qəbrin üstündə quran oxuması, fatə verməsi haqqında məlumat verdilər. Verilən məlumata görə, dəfn olunan türk əsgərinin adı Bəkirdir.

Qubadlının Kavdadıq kəndində Sarı Əhməd qəbiristanlığında iki türk əsgəri dəfn olunmuşdur. Həmişə yerli camaat tərəfindən ziyarət olunmuşdur.

Aşağı Mollu kəndində olan qəbirlərin yerli camaat tǝrǝfindən abadlaşdırılması, öz ilqarlarını Qubadlı torpaqlarında seçən türk əsgərlərinin qəbirlərinin üzərində daima quran oxunub. 1993-cü ilin oktyabr ayına qədər nəsillərə nümunə olmaqla qəlbimizdə, qollarımızın üstündə saxlanılmışdır.

Nənələrimizin bayatılarında, şairlərimizin şeirlərində həmişə vəsf "Xalqımızın xilaskarı, ey cəngavər türk Əsgəri, sən qəlbimizdə həmişə yaşarsan!".

Hazırladı: Tahirə AĞAMİRZƏ 

Oxşar xəbərlər