Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, əvvəlcə düşərgə iştirakçıları Əsgəran qalasına gediblər. Burada onlara qalanın tarixindən və əhəmiyyəti barədə məlumat verilib.
Xocalıda düşərgə iştirakçılarına erməni qəsbkarlarının 32 il əvvəl burada dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər, tarixi-memarlıq abidələrinin dağıdılması, həmçinin azad edildikdən sonra Xocalıda görülən işlər haqqında ətraflı danışılıb. Gənclər 30 illik işğaldan sonra azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işləri ilə yerində tanış olublar.
Sonra iştirakçılar Şuşada şəhərin mərkəzi meydanını, “Güllələnmiş heykəllər” abidəsini, Gəncə qapısı və digər görməli yerləri ziyarət ediblər. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə Qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa azad edildikdən sonra isə şəhərdə təmir-bərpa işləri aparılıb.
Burada da gənclər şəhərdə aparılan genişmiqyaslı quruculuq işləri ilə də tanış olublar. Diqqətə çatdırılıb ki, yeni inşaat işləri və infrastrukturla yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına da xüsusi fikir verilir. (AZƏRTAC)