16.10.2025, 00:41
AZ EN
07.10.2025, 11:16 222

Nazir müavini: Azərbaycan ilə Almaniya arasında əməkdaşlıq haqqında 80 saziş imzalanıb

XƏBƏRLƏR
  • Azərbaycan ilə Almaniya arasında əməkdaşlıq haqqında 80 saziş imzalanıb. Bu sazişlər üzrə qarşılıqlı əməkdaşlıq davam edir.

Bu sözləri iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən Almaniya-Azərbaycan ixracat və maliyyə konfransında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 199 alman şirkəti qeydiyyatdan keçib və müxtəlif sahələr üzrə fəaliyyət göstərirlər.

“Dövlətlərimiz arasındakı ticarət dövriyyəsinin həcmi 1 milyard dolları keçib və dövriyyənin artırılması istiqamətində qarşılıqlı tədbirlər həyata keçirilir. Azərbaycan Almaniyanın ən etibarlı təbii qaz təchizatçısıdır ki, bu da enerji sahəsində əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün imkanlar yaradıb. Bununla yanaşı Azərbaycan ekoloji təmiz enerji istehsalına üstünlük verir. Xəzər dənizi külək enerjisi istehsalı üçün əlverişlidir. İxrac üçün nəzərdə tutulan təmiz enerji istehsalına geniş şərait yaradılıb. Artıq Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonaları elan edilib. Azərbaycan 2050-ci ilə kimi karbon qazını 40 faiz azaltmağı planlaşdırıb və bunun üçün xarici şirkətlərlə əməkdaşlıq davam edir, investisiyalar cəlb olunur”, - deyə S. Bəşirli nəzərə çatdırıb.

S. Bəşirli vurğulayıb ki, Azərbaycan nəqliyyat tranzit sahəsində də əməkdaşlığı artırmaq niyyətindədir: “Orta Dəhliz və onun davamı olan Zəngəzur dəhlizi Asiya ilə Avropanı birləşdirən beynəlxalq əhəmiyyətli layihələrdir”.(AZƏRTAC)

Oxşar xəbərlər