Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Beynəlxalq Geologiya- Mədənçilik Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda ölkə iqtisadiyyatının mineral xammal istifadəsinə əsaslanan bütün sahələrinin stabil inkişafını və ona olan tələbatın ödənilməsini təmin edən etibarlı baza yaradılıb: "Ölkə ərazisində çoxlu sayda qara, əlvan və nəcib metal filizləri, qeyri-filiz xammalı və tikinti materialları yataqları var. Onların içərisində qızıl, mis, qurğuşun, sink filizləri və tikinti materialları yataqları xüsusi yer tutur. Hazırda bu yataqların böyük əksəriyyətində istismar işləri həyata keçirilir. Son zamanlar Daşkəsən (Çovdar) və Gədəbəy rayonları ərazisində qızıl və misin çıxarılması və emalı üzrə dağ-mədən müəssisələri fəaliyyət göstərir, Daşkəsən dəmir filizi kombinatı öz işini bərpa edib".
Komitə sədri bildirib ki, son on ildə ölkədə dağ-mədən sənayesinin yeni inkişaf konsepsiyası işlənib hazırlanıb və uğurla həyata keçirilir.
S.Qurbanov vurğulayıb ki, azad edilmiş ərazilərdə iqtisadiyyatın inkişaf etdirilməsi üçün nəzərdə tutulan istiqamətlər sırasında dağ-mədən sənayesi də yer alır: "Həmin ərazilərdə dağ-mədən sənayesi üçün böyük potensial var. Burada zəngin faydalı qazıntı ehtiyatı hesabına dağ-mədən sənayesinin inkişafı planlaşdırılır. Xüsusən də Söyüdlü yatağının hesabına Kəlbəcərin bölgədə dağ-mədən sənayesinin mərkəzinə çevrilməsi imkanları genişdir. Qarabağ bölgəsinin ölkəmizdə mədənçıxarma sənayesində payı yüksək qiymətləndirilir". (Report)