Komitə sədri Fuad Muradov bildirib ki, düşərgədə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı gənc iştirak edir. Bir həftə ərzində onlar ölkəmizdə həyata keçirilən islahatlar, Qarabağ bölgəsində gedən bərpa və quruculuq işləri haqqında məlumat alacaq, həmçinin ziyalılar, şəhid ailələrinin üzvləri, döyüş iştirakçıları, idmançılar və müxtəlif sahələrdə uğur qazanan şəxslərlə görüşəcəklər.
Fuad Muradov qeyd edib ki, Diaspor Gənclərinin Yay Düşərgəsi layihəsi 2018-ci ildən etibarən həyata keçirilir və bu il də gənclər tərəfindən böyük maraqla qarşılanıb: “Yay düşərgəsinə ildən-ilə artan maraq var. Artıq ikinci ildir ki, biz yalnız azərbaycanlı gənclərlə kifayətlənmirik, Azərbaycana dost olan xalqların nümayəndələrini də seçim mərhələsindən keçiririk”.
Komitə sədri düşərgənin bu il Xankəndidə keçirilməsini xüsusi rəmzi məna daşıyan hadisə kimi dəyərləndirib: “Xankəndi Azərbaycanın gücünün, müstəqilliyinin və suverenliyinin simvoludur. Bu torpaqlarda keçirilən düşərgə həm də şəhidlərimizə olan borcumuzun ifadəsidir. Əldə olunan uğurların arxasında Prezident İlham Əliyevin siyasi iradəsi dayanır. Məqsədimiz budur ki, bu gənclər gələcəkdə Azərbaycan diaspor hərəkatının öncül liderlərinə çevrilsinlər”.
Komitə sədri əlavə edib ki, əvvəlki illərdə yay düşərgələri Laçın və Şuşada da təşkil olunub və bu ənənə davam etdiriləcək. (AZƏRTAC)