04.08.2025, 16:11
AZ EN
04.08.2025, 13:01 213

İcma sədri: Nüvədi üçün ilk dəfə yardımı Ulu Öndər Heydər Əliyev göndərib

XƏBƏRLƏR
  • Nüvədiyə Azərbaycanın ayrı-ayrı kəndlərindən kömək edilirdi. Amma Azərbaycanın rəhbərliyi kəndimizə qarşı tamamilə başqa – mənfi münasibətdə idi. Bu da bizim işimizi daha da ağırlaşdırırdı. Vəziyyət getdikcə gərginləşirdi. Əliyalın əhali düşmənlə dolu kəndə - öz evinə qayıtmaq istəyirdi. Haraya müraciət etməli olduğumuzu bilmirdik. Ümidimiz hər yerdən üzülmüşdü.

Bu fikirləri müsahibəsində Qərbi Azərbaycan İcmasının Meğri rayon icmasının sədri Fikrət Əliyev söyləyib.

Onun sözlərinə görə, Nüvədi kəndinin əhalisinə vəziyyətlə bağlı yardım üçün bir neçə dəfə ölkə rəhbərliyinə müraciət etsə də, hər dəfə rədd cavabı alıb.

“Məsələn, mənə çox xəbərlər gəlirdi, görürdüm ki, vəziyyət ağırlaşır. Buna görə əlaqələrimdən istifadə edib ozamankı ölkə başçısına zəng etdim. Dəstəyi prezidentin köməkçisi qaldırdı, ondan əlaqənin təmin olunmasını xahiş etdim. O, məsələni soruşdu və mən bütün vəziyyəti izah etdim. Bir neçə dəqiqə sonra cavab gəldi: “Mən onların prezidenti deyiləm, onları Heydər Əliyev qorusun”. Bunun da səbəbi Ulu Öndərin rus qoşunlarını Naxçıvandan çıxarması, Azərbaycanın müstəqil dövlət olduğunu, öz müqəddəratını həll edə biləcəyini rəsmi Moskvaya deməsi olmuşdu. Ondan sonra Ali Sovetin sədrinə zəng etdim, danışdım, yenə bir nəticə vermədi”, - deyə o qeyd edib.

Akademik sonda Ulu Öndər Heydər Əliyevə müraciət etdiyini bildirərək deyib: “Axırda Naxçıvana - Heydər Əliyevə zəng etdim. Həmin vaxt o, 4 gün idi ki, Ali Sovetin sədri seçilmişdi. Nüvədi əhalisi də iki gün əvvəl onun qəbulunda olmuşdu. Ona görə bir az utanırdım. Vəziyyətin getdikcə gərginləşdiyini diqqətə çatdırdım. Dedi ki, özünüzü təhlükəyə atacaq hərəkətlər qəti şəkildə etməyin. İndi mən danışıb bir şey etməyə çalışaram. Danışığımız bitdi, heç yarım saat keçmədi, zəng gəldi – Ulu Öndər idi. Sözləri hələ də yadımdadır: “Fikrət müəllim, Zəngilana helikopter göndərəcəyəm, içində də ərzaq. Keçmək istəyən də olsa, bu tərəfə keçər. Narahat olmayın. Gün ərzində nə lazımdırsa, edəcəyəm. Günün sonunda mənimlə əlaqə saxlayın”. Axşam yenidən zəng etdim. Bildirdi ki, hər şey artıq həll olunub – azuqə çatıb, maddi dəstək göstərilib, SSRİ-nin deputatları da qovulub. Ancaq bu kömək dayanmadı, Ulu Öndər camaata mütəmadi yardımlar göndərdi. Beləliklə, əhali 1993-cü ilin oktyabrınadək Zəngilanda qaldı. Həmin dövrdə də, Zəngilanın işğalı zamanı da Heydər Əliyev camaatı orada qalmağa qoymadı, dərhal İranla əlaqə yaratdı və biz Arazı keçdik”. (AZƏRTAC)

Oxşar xəbərlər