15.05.2024, 13:32
AZ EN
27.11.2023, 15:33 192

Atam biləndə ki, Kəlbəcərə gedəcək, çox həyəcanlandı...

XƏBƏRLƏR
  • AZƏRTAC-ın müxbiri Fərid Səlimov bu günlərdə 31 il sonra ata-baba yurdu, valideynlərinin doğulduğu Kəlbəcərdə olub. “Vətən səsi” ”AZƏRTAC”-a istinadən xəbər verir ki, nənəsinə və atasına bələdçilik edən gənc jurnalist, onların darmadağın edilən yurd yerində, doğma kəndlərində yaşadığı həyəcanlı anları kameranın yaddaşına köçürüb.

...Qarlı dağların arasıyla doğma Kəlbəcərə gedirik. Yolboyu uçurulub dağıdılmış, viran qoyulmuş od-ocaq yerlərini həyəcanla seyr etdikcə Gülüzar nənə deyir ki, axı insan da insana belə zülm edərmi?

Bura Kəlbəcərin Çıraq kəndidir. Fəridin atası ilk təhsil aldığı viran qalmış məktəbin qarşısından keçəndə dayanır: “Bura mənim oxuduğum məktəbdi...” O, həyəcanlanır, gözləri işıqlanır, sanki illərdi axtardığı xəzinəyə qovuşmuş kimi göz yaşlarını saxlaya bilmir.  

Fərid deyir ki, bura mənə də tanış gəlir. Çünki uşaqlıqdan atam kəndləri, ev-eşikləri haqqında o qədər danışıb ki, elə bil bu məktəbdə mən də oxumuşam...

Gülüzar nənə bu quruca yurdunda yataqxanada çox tez itirdiyi həyat yoldaşını – Qafar kişini xatırlayır. Deyir, yazıq atan, kaş bu günləri, Kəlbəcəri o da görəydi...

...Düz 31 il sonra Kəlbəcərə qayıdan ailə indi doğma ocaqdan qalan bircə nişanəni axtarırdı. Sınıq, paslı, torpağa qarışmış qab-qacaq özündə silinməz xatirələri canlandırırdı. Birdən kərənti gözə dəyir. İlham Səlimov deyir ki, bununla o qədər ot çalmışam ki...

Bu dəmir-dümürün içindən birdən o öz beşiyinə rast gəlir: “Bax, bu mənim beşiyimdi, o qədər balaca qardaşımı- Eldarı da bunun içində yelləmişəm ki...” Gülüzar nənə deyir ki, bu bir nəslin beşiyidi...

Gülüzar Səlimova İstisuda doğulub, Çıraq kəndinə gəlin köçüb. Düz 35 il Kəlbəcərdə yaşayıb. Həmişə deyirəm ki, ömrümün 35 ilini sayın, qalanını yox, - deyən, Gülüzar nənəyə ən çox uşalarının beşiyi təsir eləyir, elə bil, o illərə, cavanlığıma qayıtdım, deyir...

İlham Səlimov: “Buranı görəndə elə bil, təzədən anadan olmuş kimi hisslər yaşadım...Torpaq sevgisi ayrıdı, ancaq onu düşünürsən ki, nə vaxt gəlib burada yaşayacam. Bu hissləri sözlə demək olmur, mən buranın havasıyla, suyuyla böyümüşəm, uşaqlığım burada keçib, quzuya getmişəm, uşaqlarla ordakı çayda gedib çimirdik... İndi bunlar hamısı beynimin içində fırlanır. Heç kim inanmırdı ki, Kəlbəcər 30 il işğalda qalar, biz elə bilirdik ki, getsək də tez qayıdacağıq...”

Fərid deyir ki, məktəb vaxtı yaşıdlarım yayda gedib dincəldiyi rayonlarından, kəndlərindən danışardılar. Mənim isə doğma ata-baba yurdum, kəndim işğal altında idi. Şükür ki, indi biz beşiyimizin başında,  evimizin qarşısındayıq!

Mina RƏŞİD

 

Oxşar xəbərlər