12.04.2026, 22:34
AZ EN
12.04.2026, 14:51 113

Bakıda qazax şairinin “Qarabağ” kitabının təqdimatı olub

XƏBƏRLƏR
  • Bakı şəhərində, Milli QHT Forumunun mənzil-qərargahında Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) ilə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) birgə təşkilatçılığı ilə Qazaxıstan Yazıçılar Birliyinin və DGTYB Məsləhət Şurasının üzvü, şair-publisist Sayat Kamşıgerin “Qarabağ” kitabının təqdimatı keçirilib.

Tədbir Azərbaycan–Qazaxıstan dostluq-qardaşlıq münasibətlərinin, eləcə də Türk dünyasında ortaq ədəbi-mədəni platformaların inkişafı baxımından əlamətdar hadisə kimi dəyərləndirilib.

Tədbirdə şair-publisist Əkbər Qoşalı “Qarabağ” kitabının ideya-estetik özəllikləri, müəllifin yaradıcılıq yönü və Qarabağ mövzusunun çağdaş türk ədəbiyyatında qazandığı yeni məzmun qatları barədə ətraflı məlumat verib. O, “Qarabağ” kitabını Türk dünyasının ortaq yaddaşının bədii ifadəsi kimi qiymətləndirib. Qeyd edib ki, Qarabağ artıq türk ruhunun, ortaq tarix və taleyin simvoluna çevrilmişdir: “Bu əsər Türküstandan Qafqaza – böyük qazax çöllərindən Qarabağın zirvələrinə uzanan mənəvi körpü səciyyəsi daşıyır. “Qarabağ” – bütün Türk dünyasının vicdan yaddaşıdır.”

Müəllif Sayat Kamşıger vurğulayıb ki, “Qarabağ” əsəri bir ədəbi layihə olmaqla birgə, həm də mənəvi borcun, qardaşlıq duyğusunun və ortaq tarixi yaddaşın poetik ifadəsidir. O, Qarabağ mövzusunun qazax oxucusu üçün də uzaq olmadığını və bu kitab vasitəsilə Azərbaycan həqiqətlərini, Qarabağın ağrılarını və Zəfər tarixini Türküstana bir daha çatdırmaq niyyətində olub.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Qazaxıstan –Azərbaycan münasibətlərinin strateji müttəfiqlik səviyyəsində inkişaf etdiyini vurğulayıb. Diplomat mədəni və ədəbi layihələrin dostluq-qardaşlıq münasibətlərin ruhunu daha da möhkəmləndirdiyini bildirib. Səfir vurğulayıb ki, bu cür əsərlər xalqlar arasında mənəvi yaxınlaşmanın ən təsirli vasitələrindəndir.

Tədbirdə çıxış edən digər natiqlər də kitabın önəmini müxtəlif aspektlərdən dəyərləndiriblər.

Sonda müəllifə bir sıra təşkilatlar adından Fəxri fərmanlar təqdim olunub. (AZƏRTAC)

Oxşar xəbərlər