Nəhayət uzun illərin ağrı-acısından, həsrətdən sonra Səriyyə xanım da doğma Xocalıya qayıtdı. Ölkə başçısı Prezident İlham Əliyevin Xocalıda onun evində qonaq olması da təsadüfü deyildi... Səriyyə xanım artıq xeyli vaxtdır ki, doğma Xocalıda yaşayır.
“Vətən səsi” Səriyyə xanımla əlaqə saxlayıb, onun bugünkü təəssüratları, doğma Xocalıda fəaliyyəti, gördüyü işlərlə maraqlandı.
Səriyyə xanım deyir ki, Xocalıya qayıtmaq onun üçün o qədər də asan olmayıb: “Mən həmişə düşünürdüm ki, Xocalıya necə qayıdacam və orada necə yaşayacam. Çünki artıq bu həmin Xocalı deyildi, orada doğmalarım yoxdu, nə ata, nə ana... Başını dizinin üstünə qoyub ürək sözlərini deyəcəyin adam, kimsə yoxdu. Bunlar adamın içərisində, qəlbini parçalayan bir hissdi. Amma həyat elədi ki, əgər sən ayaq üstündə durub nəsə etməlisənsə gərək hisslərinə qalib gəlməyi bacarasan...”
Öyrəndik ki, Səriyyə xanım yenə bir jurnalist, yazıçı kimi öz işi ilə məşğuldur. O həm də, doğma torpağında öz təsərrüfatında çalışır: “Torpaq sahəmdə tərəvəz əkirəm, bu il də kartof əkmişəm. Həyətimizdə ulu babamdan qalmış bütün ağacları düşmən məhv eləmişdi. Yenə də burada hər növ ağac əkmişəm. Ağaclar çiçəkləyib... Arzum budur, hər bir məcburi köçkünün gözlədiyi çiçəkli yazı gəlsin, arzuladığı doğma yurduna qayıtsın”.
Jurnalist bildirir ki, Xocalıda yaşamaq, qurub-yaratmaq həm çətindi, həm də ki, asan. Asandı ona görə ki, illərdi o torpaqdan qidalanmısan, orda işləmək adamda bir həvəs yaradır. Bir vaxt gördüyün işləri yenidən görürsən. Əkdiyin bir tərəvəzin, bitkinin cücərməsini, onun çiçək açdığını, bar gətirdiyini görmək insana ruh verir...
Mina RƏŞİD