Xankəndi şəhərində poçt xidmətinin fəaliyyətə başlaması Böyük Qayıdışın real göstəricilərindən biridir. Filialda çalışan əməkdaşlar üçün isə bu iş, sadəcə, peşə deyil, eyni zamanda tarixi bir missiyadır.
Bəhruz Teymurov 1979-cu ildə Bərdə şəhərində anadan olub. 2024-cü ildə Xankəndi Poçt Filialında poçtalyon vəzifəsinin boş olduğunu eşidən kimi böyük sevinclə müraciət edib və işə qəbul olunub. O, bu barədə deyir:
“Xankəndidə işləmək mənim üçün böyük qürurdur. Hər gün Qarabağ Universitetinə gəlib-gedəndə tələbələri, müəllimləri, idarə heyətini görəndə ürəyim fərəhlə dolur. Şahidlik edirik ki, bu torpaqlarda həyat yenidən canlanır.”
Bəhruz Teymurovun övladı hazırda Xankəndi şəhər 4 saylı Nizami Gəncəvi adına orta məktəbin 9-cu sinfində oxuyur. Onun ən böyük arzusu isə oğlunun gələcəkdə məhz Qarabağ Universitetində təhsil almasıdır.
Əməliyyatçı Güldəstə Ələsgərova isə 1994-cü il avqustun 14-də Sumqayıt şəhərində anadan olub. Poçt sahəsində fəaliyyətə 2020-ci ildə Bakı şəhərində başlayıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra Xankəndi Poçt Filialının açılması onun üçün xüsusi sevinc olub: “Həmin gün çox sevinirdim, sevincimin həddi-hüdudu yox idi. Xankəndidə işləmək mənim üçün böyük fəxrdir.”
Güldəstə xanımın atası Fərhad Ələsgərov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Onun ən böyük arzusu torpaqlarımızın azad olunduğunu görmək idi və bu arzu gerçəkləşib. Güldəstə xanım deyir: “Atamın doğulub böyüdüyü Xankəndidə işləmək mənim üçün həm məsuliyyət, həm də qürurdur. Mən onun arzularını həyata keçirirəm”.
Bu gün Xankəndi şəhəri günü-gündən gözəlləşir, yeni binalar, təhsil müəssisələri, xidmət sahələri fəaliyyətə başlayır. Bu dəyişikliklər hər bir vətəndaşın qəlbini sevinc və qürur hissi ilə doldurur. Xankəndidə çalışan poçt əməkdaşları da burada fəaliyyət göstərmələrinə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Bu əməkdaşların ən böyük arzusu isə vətəndaşlara qürurla xidmət etmək, onlara sevinc dolu xəbərlər və gözəl məktublar çatdırmaqdır.
Prezidentimizin dediyi kimi: “Bu torpaqlarda Azərbaycan bayrağı əbədi dalğalanacaq, biz burada əbədi yaşayacağıq”.
Tahirə AĞAMİRZƏ